7 may 2011 00:35
Zeynal Məmmədov: Bakı`da klub üçün can yandıran oyunçular qalacaq
"Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, klub rəsmisi cari mövsümü dəyərləndirib, gələcək planlar və klub azarkeşlərini düşündürən sualları cavablayıb.
- Zeynal müəllim, mövsümü ümumilikdə necə dəyərləndirərsiniz?
- Bu mövsümü ikili hisslərlə başa vururuq. Komandamız qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmədi. Bunun subyektiv və obyektiv səbəbləri var. Komandamız ondan gözlənilən sabit oyun göstərə bilmədi. Bəzi oyunlarda yüksək səviyyədə mübarizə aparan “Bakı”, bəzi oyunlarda özünə oxşamadı.
Digər tərəfdən isə uşaq komandalarımızın inkişafı, əvəzedici komandamızın səviyyəli oyunu və sona 3 tur qalmış 14 xal fərqlə çempionluq titulu qazanması bizi sevindirdi. Qarşıdan gələn mövsümdən etibarən əsas heyətə öz klubumuzun yetirmələri cəlb olunacaq. Uşaq və yeniyetmə komandalarımızın oyunlarını izlədikcə, güclü yeni nəslin yetişdiyinin şahidi oluruq. Bu amil olduqca vacibdi. Qətiyyətlə söyləmək olar ki, bu tendensiya ildən-ilə güclənəcək.
Başa vurduğumuz mövsüm əraizndə nəhəng infrastruktur çalışmalarımız davam etdi. Klub bazasının tamamilə istifadəyə verilməsini böyük uğur kimi dəyərləndirirəm. Beynəlxalq əlaqələrimizin möhkəmlənməsi, “Bakı”nın tanınan və sevilən bir brendə çevrilməsi istiqamətində ciddi planlarımız var. Əminəm ki, bu layihələr tək klubumuz üçün deyil, bütün Azərbaycan futbolu üçün faydalı olacaq.
- Yəqin ki, heyətdə dəyişikliklər olacaq...
- Təbii ki, olacaq. Komplektləşdirmə sahəsində ciddi problemlərimiz var. Onları analiz edərək, müvafiq qərarlar qəbul olunacaq. Baş məçqçimizə çox güvənirik. Aleksandr Starkovun təcrübə və bacarığına şübhəmiz yoxdu.
- Komandadan kimlər gedəcək?
- Bunu indidən söyləmək düzgün olmaz. Bir çox futbolçularla müqavilələrimiz başa çatır. Digərləri ilə danışıqlar aparılacaq. Yalnız onu deyə bilərm ki, heyətdə klub üçün can yandıran, “Bakı” forması geyməyə layiq futbolçular qalacaq.
- "Xəzər Lənkəran"la kubok oyununda yaşanan qalmaqalla bağlı nə deyə bilərsiniz?
- Çox maraqlı oyun oldu. Biz qalib gəlsək də, mübarizəni dayandırdıq. Təəssüf edirəm, ancaq bu reallıqdı. Son oyuna gəldikdə isə biz meydan sahibi kimi hər şeyi etdik ki, bu derbi təmiz idman mübarizəsi, dostluq və qardaşlıq şəraitində keçsin. Oyun başa çatandan sonra “Xəzər Lənkəran” futbolçuları, klub rəsmilərinin əlini sıxdıq, onları təbrik etdik və finalda müvəffəqiyyətlər arzuladıq. Amma qonaq komandanın bəzi üzvlərinin təhlükəsizliyi təmin edən polislərə qarşı aqressivlik nümayiş etdirməsi qalmaqala səbəb oldu. Biz meydan sahibi kimi bu problemin həll olunmasında əlimizdən gələni etdik, tərəfləri sakitləşdirmyə çalışdıq. Qanunlara tabe olmaq hər bir vətəvdaşın borcudu, istər sadə fanat, istər futbolçu, istərsə də klub rəsmisi olsun. Gələcəkdə belə halların təkrarlanmamasını arzu edərdim.
- Gələcək planlar nədən ibarətdi?
- “Bakı” futbol klubunun planları Azərbaycan Respublikasınının prezidenti cənab İlham Əliyevin “2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı barədə” dövlət proqramının futbol qurumları qarşısında qoyduğu vəzifələr və hədəflər əsasında qurulub. Biz gündəlik fəaliyyətimiz bu proqram əsasında davam etdiririk və gələcək planlarımızı da, məhz, bu istiqamətdə görürük. “Bakı” futbol klubunun fəxri prezidenti Anar Məmmədov və prezidentimiz Hafiz Məmmədov futbolu sevən və onun inkişafına hərtərəfli dəstək verən insanlardır. Bu insanlar Azərbacayda futbolun inkişafına böyük dəstək verirlər. Qarşıya qoyulan vəzifə klubun hərtərəfli inkişafını təmin etməkdən ibarətdir. “Bakı” futbol klubunun hərtərəfli inkişafı üşün bütün zəruri addımlar atılır. Dövlət proqramının klubumuza aid olan hissəsinin icrası birbaşa klub prezidentinin nəzarətindədir. Hafiz müəllim klub rəhbəri və AFFA İcraiyyə Komitəsinin üzvü kimi futbola kifayət qədər vaxt ayırır, strateji inkişaf planına uyğun olaraq aparılan işlərin gedişinə nəzarət edir, qarşıya çıxan problemlərin həllində yaxından iştirak edir, tövsiyyələrini verir.
- Uşaq futbolunda durum nə yerdədi?
- Bilirsiniz ki, A komandamızın əsası legioner futbolçulardan qurulub. Biz Azərbaycanda qazanılması mümkün olan bütün titulların daşıyıcısıyıq. Ölkə çempionu, Azərbaycan kubokunun qalibi, gümüş və bürünc medalların sahibi kimi ölkədaxili yarışlarda bütün hədəflərə çatmışıq. Qitəmiqyaslı yarışlara gəldidə isə, Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləyən iki Azərbaycan klubundan biriyik. Növbəti illərdə Avropada irəliləmək, qrup mərhələlərində mübarizə aparmağa layiq komanda formalaşdırmaq üçün çalışırıq. Bunlar A komandamızın hədəfləridi. Ümumilikdə klubumuzun hədəflərinə gəldikdə isə qeyd etmək istərdim ki, əsas istiqamətlərdən biri olan gənc nəsil futbolçuların yetişdirilməsi səhəsində əldə etdiyimiz nəticələr ən yüksək mükafata layiqdi. Bu günlərdə əvəzedici komandamız bütün rəqiblərini geridə qoyaraq böyük üstünlüklə çempionluq titulunu qazandı. U-17, U-15 liqalarında iştirak edən komandalarımızın qatıldıqları turnirlərin liderləridirlər, daha 2 uşaq komandamızın çempionluğun bir addımlığında olduğunu vurğulamaq istərdim. Bütün bunlar aktivə yazılır.
Hazırda klubumuzun yetirmələri müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarına dəvət olunurlar. Təkcə onu deməklə kifayətlənirəm ki, Azərbaycan U-15 milli komandasının formasını 5 futbolçumuz geyinir. Daha 3 futbolçumuz yaxın gələcəyin milli komandasının əsasını təşkil edəcək U-19-un əvəzolunmaz heyət üzvləridi.
- Azarkeşlərimiz bu il üzgündürlər, onlara sözünüz var?
- Sonda üzümü azarkeşlərimizə tutmaq istəyirəm. Onlara klubumuza verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Bütün “Bakı”sevərləri əmin etmək istəyirəm. “Bakı” futbol klubu həmişə olduğu kimi gələcəkdə də sizi sevindirmək üçün bütün zəruri addımları atacaq, dəstəklədiyiniz və fəxr etdiyiniz klubun bayrağı yüksəklərdə dalğalanacaq.
