7 may 2011 13:26
Mourinyodan UEFA-nın sərt qərarına qarşı etiraz aksiyası
İspaniyanın “Real” klubunun 48 yaşlı baş məşqçisi Joze Mourinyo UEFA-nın onu 5 oyunluq cəzalandırmasına etiraz aksiyası ilə cavab verib. Azerisport.az xəbər verir ki, Mourinyonun Madrid klubundakı köməkçisi Aytor Karanka portuqaliyalı mütəxəssisin bu cəza qarşılığında oyunlardan öncə keçirilən mətbuat konfransına girməyəcəyini, açıqlama verməcəyini dilə gətirib.
“Sevilla” ilə bu gün səfərdə keçiriləcək oyun ərəfəsində də jurnalistlərin önünə məhz Karanka çıxıb. O, Mourinyonun özünə verilən cəzanın ədalətsiz olduğunu düşündüyünü, UEFA bunun konkret səbəblərini açıqlayana kimi susqunluğunu davam etdirəcəyini dilə gətirib:
“UEFA cəzanın səbəblərini açıqlamadı. Klub da cəzaya etiraz edəcəyini açıqlayıb. Mourinyo sona qədər haqqını tələb edəcək. İndi danışmır, çünki ədalət istəyir. UEFA bir səbəb göstərənə kimi Mourinyo mətbuat konfranslarında danışmayacaq”.
Qeyd edək ki, UEFA-nın Mourinyoya verilən cəzasının “Barcelona” ilə oyunlardan sonrakı rəqib komanda və onun baş məşqçisi Josep Qvardiola barədəki açıqlamalarına görə verildiyi bildirilir.
