7 may 2011 01:15
Rednik: Vəkil tutub, onları dünyada rüsvay edərəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik bu günlərdə hakimlikdən danışarkən Azərbaycan xalqı haqda xoşagəlməz ifadələr işlətməsi barədə deyilənləri təkzib edib. Azerisport.az xəbər verir ki, o, bu məsələ ilə bağlı yeni açıqlamasında bunları dilə gətirib:
“Mən? Mən Azərbaycan xalqı haqqında nəsə demək istəsəm, yalnız xoş sözlər deyə bilərəm. Onu deyim ki, hansısa xalq, millət və etnik qruplar haqqında pis fikirləri yalnız normal olmayan insanlar, ruhi xəstələr deyə bilərlər. Mən əsilli köklü nəslin nümayəndəsiyəm. Mədəni ailədə böyümüşəm və elitar tərbiyə görmüşəm. Mən tərbiyyəli olduğum qədər də savadlıyam”.
Rumıniyalı mütəxəssis bildirib ki, onun problemi sadəcə hakimlərlədi: “Mənim problemim xalqla cəmiyyətlə deyil ki, mənim problemim hakimlərlədi. Mən hakim haqsızlığını hiss etdiyim zaman yalnız hakimə etiraz edirəm. Bilmirəm, bəlkə belə Avropa sayağı etiraz bu hakimlərə yaddı? Mən hansısa hakimə yaxınlaşıb: “Siz haqsızlıq etdiniz, bu futbolun inkişafına xələl gətirir, cənab hakim, siz düşünün, verdiyiniz qərarların ağırlığını dərk edirsinizmi” - deyə etiraz edərkən bəlkə bunu hədə-qorxu kimi anlayırlar. Elədisə, daha nə deyim”?
“Düzü bura gələnə qədər bilmirdim ki, “Xəzər Lənkəran”ı bu qədər sevən var. Heç bu qədər düşməni olduğunu da bilmirdim, yəni hakimləri. Mən “Neftçi” ilə oyundan sonra qarşılaşdığım haqsızlığa görə Haaqa məhkəməsinə müraciət etmədim ki, Azərbaycan futbolu üçün yaxşı hal deyil. Amma məni belə ittihamla suçlamağı bağışlamaram. O zaman yəqin məni azarkeşlər də anlayar. Mən vəkil tutub həmin qüvvələri dünyada rüsvay edərəm. Onlar bəlkə dünya futbolundan və hüquq normalarından xəbərsizdirlər. Ölkənizdə ən çox azarkeş mənim komandama dəstək olur. Bu insanlar xalqın bir hissəsidi. Deməli xalqın bir hissəsi məni sevir, mən də onları. Hakimlər isə məni şərləməklə özlərini təhqir edirlər” – deyə, Mirça Rednik “12-ci oyunçu” fan-klubuna açıqlamasında bildirib.
