9 may 2011 14:02
Qəbələ indi də Vaqif Cavadova göz dikdi
“Qəbələ” milli üzvləri ilə güclənmək siyasətini davam etdirir. Azerisport.az xəbər verir ki, son günlərə kimi Mahir Şükürovu və Vurğun Hüseynovu rəsmən heyətinə qatan bölgə təmsilçisi indi də Vaqif Cavadovun xidmətində maraqlıdı.
Qeyd edək ki, bu futbolçu hazırda “Bakı”da çıxış etsə də, rəsmən Hollandiyanın “Twente” klubuna məxsusdu. Elə Toni Adamsın komandası da “zolaqlılar” kimi millimizin hücumçusunun xidmətindən icarə əsasında yararlanmaq fikrindədi. Lakin tərəflərin bu yöndəki danışıqlarının necə nəticələnəcəyi hələlik dəqiq bilinmir. Sadəcə, Vaqifin hazırkı klubunda qalmaq istəmədiyi və “Twente”yə qayıtmaqda maraqlı olduğu bildirilir.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, “Qəbələ” Cavadovda əlavə daha bir neçə milli üzvünü heyətinə qatmaq fikrindədi. Belə ki, bu komanda artıq uzun müddətdi “Qarabağ”ın hücumçusu Vüqar Nadirovla yarımmüdafiəçi Elvin Məmmədovu da sıralarına qatmaq istədiyini gizlətmir.
