9 may 2011 21:14
“Onu bura gətirsəm, Azərbaycan millisində oynamaq istəyəcək”
"Bakı" futbol klubunun heyətində yer alan futbolçular arasında davranışı, peşıkarlığı və səmimiyyəti ilə seçilən futbolçulardan biri də İbrahim Karqbodu. Azerisport.az xəbər verir ki, o, yeni müsahibəsində həyatı və karyerası barədə danışıb.
- Futbola gəlişini necə xatırlayırsan?
- Afrikada futbolçu olmaq elə də asan deyil. İlk dəfə küçələrdə, paltarsız, yarıac-yarıtox şəkildə başlamışıq. 10 yaşım olanda dostlarımla birgə şəhər kənarına gedib, torpaq üzərində daşlardan qapı düzəldib, ayaqyalın futbol oynardıq. Evə həftədə bir dəfə gedirdim. Çox vaxt dostların evində gecələyirdik. İlk dəfə mütəşəkkil qaydada məktəblilər arası çempionatda oynamışam. İlk məşqçimi xatırlamıram. Tək yadımda qalan onun ağ adam olmasıdı. Ondan sonra İsveçli Yan Tonkvini xatırlayıram. İlk butsımı 17 yaşımda almışam.
- Uşaqlığın Sierra-Leonedə vətəndaş müharibəsi dövrünə təsadüf edib. Bu qanlı olayları necə xatırlayırsan?
- Müharibə çox dəhşətli idi. Ölkə çox kasıb idi. Küçəyə çıxmağa qorxurduq. Gözümüzün qabağında insanlar öldürülürdülər. Bu qanlı olaylar mənim də ailəmdən yan keçmədi. Yaxınlarımı və böyük qardaşımı itirdik.
- Avropa macəran necə başladı?
- Sierra-Leone milli çempionatında “Edvards”ın heyətində cəmi bir rəsmi oyun oynamışam. Ona görə də futbolçu kimi yetişməyimi Avropaya gəlişimlə əlaqələndirirəm. 14 yaşımda məni Sierra-Leone U-17-nin heyətinə çağırdılar. Fil dişi sahili, Mali və Qvineya ilə oyundan sonra avropalı menecerlər Avropaya getməyi təklif etdilər. Gəldim İsveçə. 15 yaşında idım. İsveçin 15 və 17 yaşlı yeniyetmələrdən ibarət millisində də oynamışam. 16 yaşımda isə Hollandiyaya, “Feyenord” a keçdiyim üçün İsveç pasportu almadım. Sonra köçdüm Belçikaya. 10 ildi ailəmlə orada yaşayıram, vətəndaşlıq da almışam. Uşaqlığın küçələrdə keçib. İndi vətənində uşaqlara yardım məqsədi ilə keçirilən müxtəlif tədbirlərə qatılırsan. UEFA-nın səninlə bağlı çəkdiyi filmdə xeyriyyəçiliyinin səbəbin sənin çətin uşaqlığında əlaqələndirir...
Çəkdiyim acıları heç vaxt unutmayacağam. Tale elə gətirdi ki mən Avropaya getdim, maddi cəhətdən vəziyyətimi yaxşılaşdıra bildim. Amma hər zaman vətənimdə aclıq və səfalət çəkən uşaqların simaları gözümün önündədi. Bacardığım qədər onların təhsil almasına, maddi durumunun yaxşılaşdırılmasına çalışacağam. Buna görə Hafiz Məmmədova təşəkkür edirəm. O burada oynamağıma şərait yaradıb. Burada qazandığım pulların bir qismini bu istiqamətdə xərcləyəcəm.
- Bu yaxınlarda hansı layihələri həyata keçirməyi planlaşdırırsan?
- Sierra-Leonedə 50-yə yaxın imkansız uşağın təhsil haqqını ödəyirəm. İstəyirəm həmin uşaqlar oxuyub, xalqına faydalı olsunlar. Narkotikdan, cinayətdən uzaq olsunlar. Onların arasında 8 uşaq anamla birgə yaşayır. Onlar müharibədə valideynlərini itirmişlərdi.
- Futbolçu olmasa idin, hansı idman növünü seçərdin?
- Boksu. Mayk Tayson mənim idealımdı. O mənim məşqçim olsa idı, futbolu bitirərdim.
- Futbolda rast gəldiyin ən gülməli hadisə hansı olub?
- (Gülür) “Neftçi” ilə sonuncu oyunda arxaya doğru yavaşca hərəkət edən Radomir (Radomir Todorovu nəzərdə tutur) heç bir maneə olmadan yerə yıxıldı. Evrosport bunu çəksə idi, həftənin ən maraqlı hadisəsi kimi gündə on dəfə yayımlayardı.
- Futbolçu olmaq istəyən uşaqlara hansı məsləhətlərin var?
- Oğlumun on yaşı var, o da futbolçu olmaq istəyir. Onu “Bakı”nın bazasına gətirəndə dedi: mən burada qalmaq istəyirəm. Belçikada məktəbdə oxuduğu üçün icazə vermədim. Ona etdiyim tövsiyyələri bu jurnalı oxuyanlara da deyəcəyəm: Böyüklərə hörmətlə yanaşın. Hər bir oyuna məsuliyyətlə çıxın. Heç vaxt ruhdan düşməyin.
- Bəlkə uşağın könlünü qırmayasan. Burada ingilis dilli məktəblər var...
- Bu barədə fikirləşməliyəm. O, 11 yaşlılar arasında iki dəfə Belçika çempionatının bombardiri olub. Onu bura gətirsəm, böyüyüb Azərbaycan millisində oynamaq istəyəcək. Bu barədə ciddi düşünmək lazımdı. (Toplu Bakı)
