10 may 2011 17:05
Milan mövsüm bitməmiş 2 yeni transfer gerçəkləşdirdi
İtaliya çempionu "Milan" ilk transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi "Roma"nın 29 yaşlı müdafiəçisi Filipe Meksesi heyətinə qatıb.
"Milan"ın baş məşqçisi Massimiliano Alleqri bununla bağlı açıqlamasında bildirib ki, fransalı arxa xətt oyunçusu gələn mövsüm komandasının formasını geyinəcək. Mekseslə 4 illik müqavilə bağlayan "Milan" futbolçuya ildə 4,5 milyon avro ödəyəcək.
Alleqri həmçinin Marsel "Olympique"nin nigeriyalı müdafiəçisi Taye Tayvonu da transfer etdiklərini bildirib. Klubun vitse-prezidenti Adriano Qalliani, "Sky İtalia"ya açıqlamasında müqaviləsi mövsümün sonunda bitəcək Tayvonun "Milan"da oynayacağını təsdiqləyib.
Hər iki futbolçunun klubları ilə müqaviləsi bitdiyindən "Milan" onlara görə transfer haqqı ödəməyib.
