10 may 2011 22:40
Elvin Məmmədov Qarabağ`ı Bakı`ya dəyişdi
Azərbaycan yığmasının da şərəfini qoruyan “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədovun növbəti mövsümdən bu komandada çıxış etməyəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, artıq Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da orta sahə oyunçusunun komandada qalmayacağını təsdiqləyib.
Gözlənildiyi kimi, Elvin məhz adları birgə çəkilən “Bakı”da çıxış edəcək. Artıq tərəflər arasında bununla bağlı prinsipial razılaşma da əldə olunub. Halbuki, onun Toni Adamsın çalışdırdığı “Qəbələ”yə də keçidi gündəmdə idi. Lakin yarımmüdafiəçi paytaxt klubunu seçməyə üstünlük verib.
Qeyd edək ki, Elvin Məmmədovun “Qarabağ”dan gedəcəyi haqda şayiələr çoxdan dolaşırdı. Çünki tərəflər arasında müqavilənin müddəti bu yay bitəcəyindən hələ mövsümün gedişində Ağdam klubu bu oyunçuyla danışıqlara başlamışdı. Amma məhz maliyyə məsələlərində anlaşa bilmədiklərindən, yeni müqavilə bağlanılmamışdı. Elə sonrakı danışıqlar zamanı da tərəflər ortaq məxrəc tapa bilmədiklərindən, Elvin “Bakı”nın sərfəli təklifini qəbul etməli olub.
