10 may 2011 12:28
Qəbələ yenə Neftçini titulsuz qoydu (FOTOLAR)
AFFA-nın U-14 Liqasının 2010-2011-ci il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, çempionatın 3-cü yer uğrunda oyununda “Gəncə” və “Sumqayıt” komandaları qarşılaşıb. 2:1 hesabı ilə qələbə qazanan “Sumqayıt” üçüncü yeri tutub.
“Neftçi” və “Qəbələ” arasında keçirilən final oyunu isə 1:1 hesabı ilə heç-heçə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən “Qəbələ” 5:3 hesabı ilə qələbə qazanaraq U-14 Liqasının qalibi olub. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Sonda maraq üçün onu qeyd edək ki, U-13-nin liqasında da bu günlərdə qalib məhz “Qəbələ” olmuşdu. Ən maraqlısı isə, həmin turnirin finalında da Qəbələ futbolçuları “Neftçi”li həmyaşıdları ilə qarşılaşmışdı. Əsas vaxt 0:0 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşmişdi ki, 11 metrlik zərbələri daha sərrast yerinə yetirən “Qəbələ” 6:5 hesabı ilə qələbə qazanaraq U-13 Liqasının qalibi olmuşdu.
