11 may 2011 16:11
Sadıq Sadıqov və Neftçi`dən daha 1 veterana təbrik (FOTO)
Daim veteran futbolçularına diqqət və qayğı ilə yanaşan "Neftçi" daha bir sabiq oyunçusunun yubileyini qeyd edib. Azerisport.az xəbər verir ki, Azərbaycan futbolunda özünəməxsus iz qoymuş "Neftçi"nin əfsanəvi simalarından biri Asif Əliyevin 55 yaşı tamam olub.
"Neftçi"nin bazasında yubilyarı bu münasibətlə başda klub prezidenti Sadıq Sadıqov olmaqla klub rəhbərliyi, məşqçilər korpusu və futbolçular təbrik edərək ona flaqmanın 55 nömrəli formasını bağışlayıblar. "Neftçi"nin prezidenti Sadıq Sadıqov komandanın üzvlərinin sabiq "ağ-qaralı" oyunçuları daim özlərinə örnək almalı olduqlarını bildirib:
"Biz həmişə komandamızın tarixi ilə fəxr edirik. Hazırda flaqmanın heyətində yer alan hər bir futbolçu əvvəllər "Neftçi"də tarix yazan veteranları yaxından tanımalı, onları özlərinə örnək götürməlidirlər. Asif Əliyev Azərbaycanda ən çox sevilən futbolçulardan biri olub. "Neftçi"nin heyətində möhtəşəm oyunlar keçirən yarımmüdafiəçi vurduğu qollarla azarkeşlərin rəğbətini qazanıb. Asif Əliyev daim futbolsevərlərin yaddaşında möhtəşəm zərbələri ilə tanınan biri kimi qalacaq. Ona uzun ömür və can sağlığı arzulayıram".
Asif Əliyev də öz növbəsində ona göstərilən diqqətə görə klub rəhbərliyinə təşəkkürünü bildirib: "Flaqmanı çempion olması münasibətilə ürəkdən təbrik edirəm. "Neftçi"nin Avropa arenasında ölkəmizi layiqli təmsil edəcəyinə şübhə etmirəm. Klub rəhbərliyi veteran futbolçuları daim diqqətdə saxlayır, buna görə onlara dərin təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Asif Əliyev 1973-1985-ci illər ərzində "Neftçi"nin heyətində 258 oyunda meydana çıxıb, 43 qolun müəllifi olub.
