11 may 2011 19:27
Elvin Məmmədov doğru ya səhv addım atdı?
Millimizin hazırda əsas fiqurlarından hesab olunan Elvin Məmmədovun “Qarabağ”ı tərk edəcəyinə dair narahatlıqlar hələ qışdan bəri mövcud idi. Çünki hələ qış fasiləsi zamanı Ağdam klubu əksər aparıcı oyunçuları ilə müqavilə bağlayarkən, bu futbolçu ilə ortaq məxrəcə gəlinmədiyi müəyyənləşdi.
Elə həmin vaxtdan bəri Elvinin “Bakı”ya keçəcəyinə dair informasiyalar da yayılmaqda idi. Amma yəqin ki, nəinki “Qarabağ”, hətta milli azarkeşləri də bu oyunçunun Ağdam təmsilçisini paytaxt klubuna dəyişəcəyinə inanmazdı. Hər halda bunun daha çox Elvinin hazırkı klubundan bir qədər də sərfəli müqavilə təklif alması üçün xüsusi bir kampaniyası olduğunu iddia edənlər də var idi. Amma dünən ağdamlıların baş məşqçisi Qurban Qurbanov rəsmən bəyan etdi ki, Elvin bundan sonra “Qarabağ”da yox, “Bakı”da çıxış edəcək.
Təbii ki, bu qərarın konkret səbəbləri bir qədər qaranlıq qalsa da, hər halda Məmmədova məxsusdu və ona yeni klubunda da uğurlar arzulamaq lazımdı. Necə deyərlər, təki hər şey futbolçunun öz ürəyincə olsun. Lakin bu keçidlə bağlı bəzi məqamlar var ki, onları da xüsusi qeyd etməyə ehtiyac var.
İlk növbədə onu qeyd etmək lazımdı ki, hazırda xüsusi iddiası olan hansısa futbolçu “Qarabağ”ı “Bakı”ya dəyişirsə, onun inkişaf etməyi düşünmədiyi şübhə doğurmamalıdı. Hər halda indi ölkənin sayılıb-seçilən, iddialı 2-3 klubundan biri məhz “Qarabağ”dı və Elvinin öz perspektivini bu komandada açması daha inandırıcı idi, nəinki “Bakı”da. Fikir verin: Ağdam klubu artıq hər il ölkəmizi layiqinə təmsil etdiyi Avropa Liqasına vəsiqə təmin edib. “Zolaqlılar” isə cari mövsümü demək olar ki, tam boşa verdilər və bu il avrokuboklarda da çıxış etməyəcəyi dəqiqdi. Elə isə, Elvin bu haqda qərar verərkən, hansı perspektivi nəzərə alıb? “Bakı”nın gələn mövsüm çempion olduqdan sonra Çempionlar Liqasına vəsiqə qazanmasınımı? Hər halda belə görünür.
“Qarabağ”ı hazırda Azərbaycanın ən perspektivli, bəlkə də ölkəmiz üçün bütün yerli həmkarlarının artıq hamısından çox iş görmüş məşqçisi Qurban Qurbanov çalışdırır. “Bakı”nı isə gəlişindən bəri heç bir dəyişiklik etmək gücündə olmadığını isbatlayan Aleksandr Starkov çalışdırır. Həmin Starkov ki, həm də Latviya millisindəki fəaliyyətini davam etdirdiyindən, bütün diqqətini paytaxt klubuna yönəldə bilmir. Hətta yönəltsə də belə, kiminsə bu məşqçinin “Bakı”ya hansısa ciddi uğurlar qazandıracağına inanması şübhə doğurur. Ən azı ona görə ki, Starkov müdafiə futboluna üstünlük verən məşqçidi və müdafiə futbolu da adətən Əsgər Abdullayevin o vaxtkı “Olimpik”inin gümüş medal qazanmasından yüksək nəticə gətirmir. Elvin isə heç də müdafiəçi deyil ki, müdafiəyəmeylli bir komandaya keçmək üçün bu qədər can yandıra. Əksinə, hücumameylli bir oyunçu olduğu üçün Məmmədovun vaxtilə hücumçu olmuş Qurbanovun komandasında qalması daha məqsədəuyğun olardı. Hansı ki, hazırda ölkədə ən yaxşı oyun sərgiləyən komanda məhz bu mütəxəssisindi.
Təbii ki, bütün bunları nəzərə aldıqda Elvinin “Bakı”nı seçməsinin yalnız pula görə olması göz önündədi. Artıq Ağdam klubunun rəsmiləri də paytaxt klubunun bu futbolçuya daha cəlbedici maliyyə təklifi irəli sürməsini təsdiqləyirlər. Deməli, Məmmədovu hazırda futbol yox, daha çox pul düşündürür. Belədə, gələcəyinə böyük ümidlər bəslədiyimiz Elvin Məmmədovun Azərbaycanın Mahmud Qurbanovu olacağını deyənlər həmin ümidlərini ört basdır edə bilərlər. Təbii ki, futbolda maliyyə heç də az önəm daşımır. Amma yaxşı olardı ki, Elvin də buna daha yaxşı oynamaqla, “Qarabağ”dan daha güclü klublara keçməklə nail olardı. Bu oyunçuya böyük ümidlər bəsləsək də, ölkə xaricinə getmək iqtidarında olan futbolçulardan hesab etsək də, Məmmədov heç sərhəddi keçməmiş karyera yox, pulu düşündüyünü isbatladı. Yenə Vaqif Cavadov kimi ölkədən kənara çıxıb, bunu bacarmadığı üçün geri qayıtsaydı, dərd yarıydı.
Yeri gəlmişkən, ən qəribəsi odu ki, Elvin gözününün önündə olan keçmiş komanda yoldaşının – Vaqifin aqibətini yaşamaqdan çəkinmədi. Hansı ki, Cavadov vaxtilə “Qarabağ”ın daha perspektivli, üzdə olan oyunçularından idi. Hollandiyada möhkəmlənə bilməyincə, Ağdam klubu Vaqifi geri qaytarmaq istəsə də, o da həmin vaxt məhz maliyyə amilini nəzərə alıb, keçmiş klubuna dönmədi. Amma indi çox güman ki, həmin seçiminə görə tamamilə peşmandı. Çünki nə paytaxt klubu bir uğur qazana bildi, nə də Vaqif bu komandada əlamətdar oyun sərgilədi. Əksinə, əvəzedici oyunçuya çevrildi. Bu üzdən də indi Hollandiyaya dönməyi və ya “Qəbələ”yə keçməyi götür-qoy etməkdədi. Elə Elvinin bənzədildiyi Mahmud Qurbanov kimi canlı əfsanə də “Bakı” ilə iki mövsümdü heç ne edə bilmir. Halbuki o, bu kluba gələnə kimi daima “Mahmud harda, çempionluq orda” kimi məşhur deyimi doğrultmasıyla dillərdən düşmürdü. Məmmədov isə bütün bunların hamısına göz yumdu. Halbuki, indiki klubunda onun da eyni uğursuzluğu yaşaması istisna deyil.
Sonda bir daha millimizin yarımmüdafiəçisinə yeni klubunda uğurlar arzulayırıq. Bütün bu bədbin ehtimallara baxmayaraq, ümid edirik ki, o, sərgilədiyi oyunla bu tənqidlərə layiq olmadığını sübut edə biləcək.
