12 may 2011 14:56
Rubin Nasimovun keçidinə razılıq verdi
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun sözlərinə görə paytaxt klubu Rusiyanın “Rubin” klubuna məxsus Bahodir Nasimovun transferini tam şəkildə həyata keçirmək üçün danışıqlar aparıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bildiyiniz kimi, klubumuzun məşqçilər korpusu Flavinyo ilə Bahodir Nasimovun komandada uzun müddət qalması haqda arzusunu dilə gətirmişdi. Braziliyalı ilə artıq 3 illik müqavilə imzalamışıq. Nasimovun da keçidini tam həll etmək üçün çalışmalarımız davam edir. Dünən “Rubin”in idman direktoru Muhsim Muhamadiyev Bakıya gəldi. Kazan klubunun rəsmisi “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşdü. Bizim yekun təklifimiz qəbul olundu. Burda həlledici rol oynayan amil Nasimovun öz fikri oldu. Çünki o, “Neftçi”də qalmaqda maraqlı idi. Nasimovu artıq komandamızın oyunçusu hesab etmək olar. Mayın 20-ə kimi bunu rəsmən bəyan edəcəyik”.
