12 may 2011 18:43
Haciyevski: Məşqçilik karyeramda ilk dəfə belə aqibətlə üzləşdim
Premyer Liqanın 31-ci turunda "Turan" doğma meydanda "Simurq"u 2:1 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra komandaların baş məşqçiləri matçla bağlı fikirlərini səsləndiriblər:
Qyoko Haciyevski, "Simurq"un baş məşqçisi: "Turan" komandasını təbrik edirəm. Hakimlər oyunu yüksək səviyyədə idarə etdi. Oyunun atmosferi çox gözəl idi. İlk hissədə "Turan" oyuna çox yaxşı başlamışdı. Rəqib 2 qol vurduqdan sonra qapıçısını və Muammer Erdoğdunu dəyişdi. Biz istəyirdik ki, daha bir qol vuraq və bugünkü oyunu heç-heçə bitirək. Təəssüf ki, bu, alınmadı. Bugünkü oyunda ancaq yerli futbolçular çıxış edirdi, meydanda cəmi 1 legioner var idi. Həm biz, həm də rəqibimiz gənc yerli futbolçulara üstünlük vermişdi. Məşqçilik karyeramda ilk dəfə olaraq başçılıq etdiyim komanda aşağı diviziona düşdü".
Eltay Aslanov, "Turan"ın məşqçisi: "İlk növbətə bütün "Turan"sevərləri klubun Premyer Liqada qalması münasibəti ilə təbrik edirəm. "Simurq"a növbəti ildə elitaya qayıtmağı arzulayıram. "Turan"a maddi və mənəvi dəstək verən şəxslərə təşəkkürümü bildirirəm".
