13 may 2011 21:08
Rednik: Bu oyun şou xarakterli Qarabağ - Neftçi matçından çox fərqli idi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 31-ci turunun “Bakı” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı komandasının doğma meydanda qazandığı 2:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Azarkeşlərimiz sağ olsunlar ki, yenə də stadiona gəlib sona qədər dəstəklərini verdilər. Bu gün əsl baxımlı Avropa futbolunu gördük. Hər iki komanda çoxlu real imkanlar yaratdı. Bu oyun iki saat öncə şou xarakterli “Qarabağ” – “Neftçi” oyunundan çox fərqli bir qarşılaşma oldu. Həmkarımı da təbrik etmək istəyirəm. Onun yaratdığı komanda kifayət qədər təşkilatlanmış və intizamlı oyun göstərir. Başa düşürəm ki, onun üçün çox çətindi. Çünki o yalnız final mərhələsi öncəsi komandaya gəlib. Qarşıda bizi axırıncı oyun gözləyir. Biz “Neftçi” ilə qarşılaşacağıq və bu bizim üçün şərəf oyunu olacaq”.
