15 may 2011 02:06
Stefan Borbikoni: Hələlik biznesimiz alınır
"Bakı"nın fransalı müdafiəçisi Stefan Borbikoni ailəsi, uşaqlıq illəri və futbolçu karyerası haqda maraqlı açıqlamalar verib. Azerisport.az onun həmin açıqlamaları ilə sizi tanış edir.
Ailəm...
Fransa ilə Luksemburq sərhəddində yerləşən kiçik Otonj şəhərində doğulmuşam. Orta səviyyəli ailədənəm. Ana və atam Fransada doğulsalar da, bizim əslimiz İtalyadandır. Mən özümü daha çox fransıza bənzədirəm.
Mən doğulanda anam evlərdə təmizlik işləri aparan xadimə, atam isə Luksemburqda metallurgiya zavodunda fəhlə işləyirdi. Məndən böyük qardaş və bacım var. Evin sonbeşiyi mənəm. 2-3 yaşım olanda ayrı qala bilmədiyim üçün anam işlədiyi varlı malikanələrinə məni də özü ilə aparardı. Onun nə cür ağır zəhmətə qatlaşaraq bizim üçün çalışdığı heç vaxt gözümün qabağından getmir.
Bizi böyüdə-böyüdə valideynlərimin işi də sahmana düşdü. Anam tibb kolecinə daxil olaraq kiçik tibb bacısı ixtisası üzrə təhsil aldı. Onun uşaqlıq arzusu həkim olmaq idi. Buna maddi imkan olmadığı üçün tibb bacısı olmaqla kifayətləndi.
Atam uzun illər metalluq kimi çalışdıqdan sonra şəhərimizin uşaq futbolçulardan ibarət komandasında məşqçi-müəlim kimi işlədi. Görünür, futbola olan həvəs bizə ondan keçib. Məndən 6 yaş böyük qardaşım Kristof Borbikoni də futbolçu olub. O da müdafəçi kimi çıxış edib. “Şon Ville” və “Nansi” klublarında oynayıb. Hazırda karyerasını bitirib. Mənim kumirim- Kristofdu. Ona baxaraq, ondan öyrənərək futbolçu olmuşam.
Uşaqlığım...
Fransada futbola 5 yaşından yazılırlar. Mən isə 4 yaşımdan futbola getməyə başladım. Bu hadisə qəribə alındı. Babamla nənəm İtaliyadan ad günümə gələndə, mənə “Yuventus”un futbolkasını hədiyyə etdilər. O qədər sevinmişdim ki, bütün günü həyətdə o yana bu yana qaçıb, hamıya özümü göstərirdim.
İki ildən sonra şəhərimizdən 30 km məsafədə yerləşən Futbol Akademiyasına seçildim.150-yə qədər uşaq və yeniyetmənin arasından 5 nəfər bəyənildi. Xöşbəxt 5-liyin arasında mənim də adım vardı. Bundan sonra ailəmdən kənar yaşamağa məcbur oldum. Mən akademiyada həm oxuyur, həm də futbol oynayırdım.
16 yaşımda məni Fransanın U-16 komandasına çağırdılar. Oradakı çıxışımı bəyənən “Metz”in skautları mənimlə 4 illik müqavilə bağladılar. “Metz”in U-16, U-17, III və əvəzedici komandalarının heyətində oynayandan sonra əsas komandaya düşə bildim.
Karyeram...
“Metz” mənim sevimli komandamdı. Orada Frank Riberi, Emanuel Adebayor, Mamadunyonq, Robert Pires, Silven Viltord kimi ulduz futbolçularla çiyin-çiyinə oynamışam.
Fransa çempionatında Didye Droqba, Juninyo, Con Karyu, Pauletta kimi hücumçulara qarşı oynamaq mənə çox böyük təcrübə qazandırıb. Türkiyəyə gəlişim Süleyman Youla, Frank Riberi ve Mondraqonla məsləhətləşmələrdən sonra alındı. Onlar məndən öncə ora getmişdilər.
Arzularım...
Karyeramı bitirəndən sonra qardaşımla birgə yaratdığımız biznesi genişləndirməklə məşğul olacağam. Biz köhnə evləri alıb, onu yüksək səviyyədə təmir etdirib, satmaqla məşğuluq. Hələlik biznesimiz alınır. Marketinq üzrə ali təhsilim var. Bəlkə bu sahədə də çalışdım.
Uşaq futbolçulara məsləhətlərim...
Özündən böyük hər kəsə - həmkarlarına, komanda yoldaşlarına, müəllimlərinə hörmətlə yanaşmalısan. Mütləq təhsilə ciddi baxmalısan ki, futbolla vidalaşandan sonra ailəni saxlaya biləsən.
Yadınızda saxlayın: 100 yeniyetmədən ancaq beşı, onu futbolçu olacaq. Kənarda qalan 95-in arasında sən də ola bilərsən. Ona görə dərslərini yaxşı oxu ki, sonra gec olmasın. ("Toplu Bakı")
