16 may 2011 15:34
XL-da 2 yubiley, qırılan sindrom və ya Kamran Ağayev rekorda doğru
Azərbaycan Premyer Liqasının 31-ci turunun “Bakı” ilə oyunu “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar olub. Azerisport.az xəbər verir ki, komanda ölkə çempionatlarında 200-cü oyununa çıxıb.
Bu matçda 2:0 hesabı ilə qələbə qazanan futbolçular 110-cu dəfə 3 xalı bayram ediblər. Daha 57 dəfə 1 xalla kifayətlənən komanda 33 çempionat matçında uduzub. “Xəzər Lənkəran” bu görüşlərdə 313 qol vurub və 126-nı buraxıb.
Qeyd edək ki, 2004/05 mövsümünə təsadüf edən “Şəfa” klubunun dağılması üzündən baş tutmayan qarşılaşma oyun sayında nəzərə alınıb. Həmin matçdakı texniki nəticə isə (3:0) komandanın ümumi qol sayında əks olunmayıb.
Xatırladaq ki, “Xəzər Lənkəran” ilk çempionat oyununu 2004-cü il avqustun 8-də səfərdə “Turan”a qarşı keçirib – 1:1. 100-cü matç isə 2008-ci il fevralın 23-də “Masallı” ilə ev oyunu olub – 4:1.
Bu matç həm də “Xəzər Lənkəran”ın meydanında oynadığı 100-cü çempionat matçıdı. Bu görüşlərdə 61 qələbə və 30 heç-heçəsi olan komanda cəmi 9 dəfə uduzub. Bu görüşlərdəki top fərqi nəzərə çarpan dərəcədə böyükdü – 180:51.
“Bakı” ilə matçda cənub təmsilçisi həm də bu rəqibə qarşı çempionat oyunlarındakı uğursuzluq seriyasına son qoydu. “Xəzər Lənkəran” son 5 qarşılaşmada rəqibi uda bilmirdi. Cari mövsüm çempionatın əvvəlki 3 duelində 1 xalla kifayətlənən komanda, ötən çempionatın final mərhələsində 2 məğlubiyyətə üzülmüşdü. Düzdü, kubokda “Bakı”nı məğlub etmək mümkün olmuşdu, lakin Premyer Liqada son dəfə 2009-cu il noyabrın 29-da “Bakı”nı Lənkərandan 3:0 hesabı ilə məğlub yola salmışdı. Həmin görüşdən 530 gün sonra komandamız eyni rəqibi məğlub etdi.
“Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev isə klubun heyətində 125-ci matça çıxmaqla Radomir Todorova çatıb. Qapıçı indi yalnız 3 futbolçudan – Alim Qurbanov (166), Rəşad Abdullayev (155) və Rahid Əmirquliyevdən (152) geri qalır.
