19 may 2011 01:42
Avroliqanın qalibi Porto oldu (YENİLƏNİB)
UEFA Avropa Liqasının cari mövsümünün qalibinin adı müəyyənləşiəcb. Azerisport.az xəbər verir ki, qitənin ikinci dərəcəli turnirinin həlledici oyununda qalib adı uğrunda iki Portuqaliya klubu – “Braga” ilə “Porto” mübarizə aparıb.
Bu isə o demək idi ki, istənilən halda Avroliqanın baş mükafatı sözügedən ölkəyə qismət olacaqdı. Final matçında sadəcə kubokun hansı klub tərəfindən qazanılmasına aydınlıq gəlməli idi. Lakin tərəflər qalibi Portuqaliyada yox, öncədən də bəlli olduğu kimi İrlandiyanın Dublin şəhərində müəyyənləşdirdilər.
“Dublin Arena” Bakı vaxtı ilə 23:45-də başlayan qarşılaşmanı ispaniyalı hakim Karlos Velasko Karbalyo idarə edirdi. Gərgin və maraqlı mübarizənin taleyini cəmi 1 qol həll etdi. "Porto"nin kolumbiyalı forvardı Falkao hələ final matçına kimi UEFA Avropa Liqasında vurduğu 17 qolla bu turnirdə ən çox qol vuran futbolçu adına yiyələnmişdi. O, bu qarşılaşmada daha bir qol vuraraq, komandasını da xoş sonluğa çatdırmış oldu. Nəticədə "Porto" yenidən Avropa birincisi adını qazandı.
Qeyd edək ki, “Braga” avrokuboklarda ilk dəfə finala çıxırdı. “Porto” isə 2 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Kubokunu qazanmış təcrübəli komandaydı.
Xatırladaq ki, bu mövsüm “Celtic” (Şotlandiya) və “Sevilla”nı (İspaniya) Çempionlar Liqasının təsnifat mərhələsində mübarizədən kənarlaşdıran “Braga”, “Arsenal” (İngiltərə), “Partizan” (Serbiya) və “Shakhtar” (Donetsk, Ukrayna) klublarının yer aldığı qrupda 3-cü yeru tutaraq UEFA Avropa Liqasında mübarizəni davam etdirmək hüququ qazanmışdı. Bu turnirdə müvafiq olaraq “Lech” (Poznan, Polşa), “Liverpool” (İngiltərə), “Dinamo” (Kiyev, Ukrayna) və “Benfica”nı (Portuqaliya) yolundan kənarlaşdıran “Braga”, adını finala yazdırmışdı.
“Porto” isə Belçikanın “Genk” komandasını mübarizədən kənarlaşdırdıqdan sonra Avroliqanın qrup mərhələsinə vəsiqə əldə etmişdi. L qrupunda “Beşiktaş” (Türkiyə), “Rapid” (Avstriya) və CSKA (Sofiy, Bolgarıstan) ilə birlikdə yer alan “Porto”, qrupu lider kimi tamamlamışdı. Ardından isə “Sevilla” (İspaniya), CSKA (Moskva, Rusiya), “Spartak” (Moskva, Rusiya) və “Villarreal”ı (İspaniya) yolundan silib, ikinci finalçı olmuşdu.
Portuqaliya çempionatını məğlubiyyətsiz olaraq birinci pillədə başa vuran çempion “Porto” bu qarşılaşmada da əsas favorit göstərilirdi. “Braga” isə bu mövsümü üçüncü pillədə başa vurmuşdu. Komandaların bu mövsümkü oyunlarının hər ikisində “Porto” bu rəqibi üzərində qələbə qazanmışdı ki, ənənə Avroliqanın həlledici görüşündə də pozulmadı.
Avropa Liqası
Final
18 may
Braga – Porto - 0:1 (0:1)
Qol: Falkao, 45.
