18 may 2011 16:01
Beşiktaş Nihat Kahveci ilə yollarını ayırdı
Türkiyənin “Beşiktaş” klubu mövsüm başa çatmamış artıq yollarını ayırmaq istədiyi futbolçulardan birinin adını rəsmən ictimaiyyətə açıqlayıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi təcrübəli hücumçu Nihat Kahveci ilə müqaviləsini ləğv etdiklərini bəyan edib.
“Beşiktaş”ın rəsmi açıqlamasında müqaviləyə qarşılıqlı şəkildə xitam verdikləri bildirilir. Qeyd edək ki, Nihatın İstanbul klubuyla yollarını ayıracağı hələ bir müddət öncədən gözlənilirdi. Çünki o, komandanın digər üzvü – portuqaliyalı Kiaresma ilə oyun zamanı meydanda əlbəyaxaya çıxmışdı ki, bunun da klub rəhbərliyi tərəfindən bağışlanmayacağı dəqiq idi. Axı mövsümün gedişində bu komandanın kapitanı İbrahim Üzülməz də komanda yoldaşı İbrahim Toramanı paltardəyişmə otağına vurduğuna görə komandadan qovulmuşdu.
Bu qərarın ardından açıqlama verən Nihat özü olaylara belə münasibət bildirib: “Meydanda bir yanlış hərəkətim oldu. Bundan 15 il öncəki Nihat Kahveci kim idisə, bu gün də Nihat Kahveci odur. Meydandakı performansıma görə müzakirələr dozadan kifayət qədər çox oldu. Kimsədən küsülü deyiləm. Hamıya haqqımı halal edirəm. Ümid edirəm ki, hər kəs də mənə haqqını halal edər”.
