18 may 2011 17:12
Avrokuboklardakı bütün təmsilçilərimiz bu gün müəyyənləşə bilər
Azərbaycanın futbol üzrə avrokuboklardakı bütün təmsilçilərinin kimliyi artıq bu gün dəqiqləşə bilər. Azerisport.az xəbər verir ki, bunun üçün sadəcə AZAL-ın “Qarabağ”la ev oyununda xal itirməsi kifayət edəcək.
Məsələ burasındadı ki, “Bakı” üzərində qələbə qazanan “İnter” hazırda dördüncü pilləyə yüksəlib. İndi onların həmin mövqedə qalması üçün sadəcə AZAL-ın qələbə qazanmaması lazımdı. Belə olan halda “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”la yanaşı qitə miqyaslı yarışlardakı dördüncü təmsilçimizin “İnter” olacağı dəqiqləşəcək.
Lakin AZAL “Qarabağ”ı məğlub edib, dördüncü pillədəki mövqeyini qorusa, o zaman avrokuboklardakı təmsilçilərimizin dəqiq siyahısı yalnız mayın 24-də keçiriləcək kubokun final matçından sonra bilinəcək. Həmin qarşılaşmada “İnter” qələbə qazansa, avrokuboklara da məhz bu komanda gedəcək. “Xəzər Lənkəran” qələbə qazanacağı halda isə bu şansı AZAL qazanacaq. AZAL dördüncü yeri tutmayacağı halda isə kubokun final matçında “İnter”lə “Xəzər Lənkəran” sadəcə kimin Avropa Liqasına birinci və ya ikinci mərhələdən başlamasını müəyyənləşdirəcək.
