19 may 2011 19:37
“O, üzərində daha çox çalışsa, parlaq gələcəyi ola bilər”
MOİK-in baş məşqçisi Ramil Əliyev Premyer Liqanın cari mövsümünün sonuncu – 32-ci turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “hərbçilər”in çalışdırıcısı 4:1 hesablı əzmkar qələbə qazandıqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Neftçi” komandasını çempion olması münasibəti ilə təbrik edirəm. Bu mövsüm ölkəmizi Avropada təmsil edəcək hər bir klubumuza uğurlar arzulayıram. Tam fərqli iki hissənin şahidi olduq. Əsas heyətin gənc futbolçulardan təşkil olunmasına baxmayaraq, ilk hissədə “Turan” üstün oynadı. Lakin isti hava şəraitində sonadək bu mübarizəni davam etdirə bilmədilər. “Turan” klubunun 15 nömrəli futbolçusu Cavid Tağıyevi xüsusi ilə qeyd etmək istərdim. Üzərində daha çox çalışsa, parlaq gələcəyi ola bilər. “Turan”a növbəti mövsümdə uğurlar arzulayıram”.
