20 may 2011 14:17
Avropa Liqasında potensial rəqiblərimiz
Аzerisport.az sizi Çempionlar Liqasında Azərbaycan çempionu “Neftçi”nin potensial rəqibləri ilə tanış etmişdi. Bu dəfə isə sizi avrokubokların cari mövsümündə ölkəmizin digər təmsilçilərini – “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter”/AZAL cütündən birini təmsil edəcəkləri Avropa Liqasında gözləyən mümkün rəqiblərin siyahısına nəzər salmaq istərdik.
Axı məhz Avropa Liqasında İngiltərə Premyer Liqası təmsilçisinin Azərbaycana gəlişi mümkündü. Məsələ burasındadı ki, İngiltərə “feyr-pley” göstəricinə görə Avroliqada əlavə bir vəsiqəyə sahib çıxıb. İndi bu vəsiqəyə futbolun yaradıcılarının həmin göstəricidə ən yaxşı klubu sahib çıxmalıdı. Özü də həmin klub Avroliqaya birinci təsnifat mərhələsindən başlayacaq. “Təmiz oyun” siyahısında birincilik “Chelsea”yə məxsusdu. Lakin Karlo Ançelottinin yetirmələri Çempionlar Liqasına vəsiqə qazandığından hazırda bu şans “feyr-pley” siyahısında ikinci yeri tutan “Fulham”ə məxsusdu.
Belə olan halda sözügedən komanda ya “Xəzər Lənkəran”a, ya da AZAL-a rəqib ola bilər. Qeyd edək ki, “Xəzər Lənkəran” kubokun finalında qələbə qazansa, o zaman Avroliqaya ikinci təsnifat mərhələsindən başlayacaq və belədə AZAL birinci təsnifat mərhələsindən mübarizə aparmaq hüququ qazanacaq. Kubokun finalında “İnter” qələbə qazanacağı halda isə, bu komanda ikinci mərhələdən mübarizəyə başlayacaq, XL isə İngiltərə təmsilçisi ilə qarşılaşmaq hüququ qazanacaq.
XL/AZAL cütünün digər mümkün rəqibləri arasında “Elfsporg” (İsveç), “Tromse” (Norveç), “Sent-Patrik” (İrlandiya), “Aaselund” (Norveç), “Aktobe” (Qazaxıstan), “Dinamo” (Tiflis, Gürcüstan), “Honka” (Finlandiya), “Minsk” (Belarus), “Olimpi” (Gürcüstan), “Haken” (İsveç), “Reykyavik” (İslandiya), “Nyu-Sents” (Uels), “Koper” (Sloveniya), “Rudar” (Çernoqoriya), həmçinin Xorvatiya, Polşa və Bosniyanın bürünc mükafatçısı, Makedoniya çempionatının gümüş və bürünc mükafatçısı, Slovakiya və Serbiya çempionatında dördüncü yeri tutan komandaları yer alır.
“Qarabağ”la yanaşı səpələnmişlərin siyahısında yer alan komandaların siyahısı isə aşağıdakılardı: “Glentoran” (Şimali İrlandiya), “Banga” (Litva), “Daugava” (Latviya), “Olimpia” (Sloveniya), “Kliftonvill” (Şimali İrlandiya), “Flamurtari” (Albaniya), “Vlajnia” (Albaniya), “Narva” (Estoniya), “İrtış” (Qazaxıstan), “Zeta” (Çernoqoriya), “Banants” (Ermənistan), “Nomme” (Estoniya), “Vestmannaear” (İslandiya), “Runavik” (Farer adaları), “Ulisses” (Ermənistan), “Lusitanos” (Аndorra), “Santa-Kolomna” (Andorra), “Fuqlafyordur” (Farer adaları), “Flora” (Lüksemburq), həmçinin Uels, Lüksemburq və San-Marino təmsilçiləri. Daha beş klub isə hələlik hansı səbətdə yer alacağını bilmir.
İkinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq Azərbaycan təmsilçisinə gəlincə, güman ki, “Xəzər Lənkəran” və “İnter”dən biri səpələnməmişlər sırasında yer alacaq. Onların mümkün rəqibləri arasında isə aşağıdakı komandalar var: “Anortisis” (Kipr), “Nacional” (Portuqaliya), CSKA (Bolqarıstan), Şerif (Moldova), “Harts” (Şotlandiya), “Makkabi” (Тəl-Əviv, İsrail), “Yablonec” (Çexiya), “Ventspils” (Latviya), “Valerenga” (Norveç), “Bohemians” (İrlandiya), АЕK (Kips), həmçinin birinci təsnifat mərhələsində İngiltərə klubu, “Tromse”, “Sent-Patrik”, “Aalesund” və “Aktobe”nin yer alacağı cütlüklərin qalibləri.
Sonda onu da vurğulayaq ki, ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 20-də baş tutacaq. Birinci təsnifat mərhələsinin oyunları 30 iyun – 7 iyulda keçiriləcəksə, ikinci təsnifat mərhələsi 14-21 iyulda baş tutacaq.
