20 may 2011 16:52
Şvaynştaygerin Bakıya gəlməyəcəyi dəqiqləşdi
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının yarımmüdafiəçisi Bastian Şvaynştaygerin Bakıya gəlməyəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, Almaniya Futbol İttifaqı bu haqda rəsmi açıqlama ilə çıxış edib.
Xəbərdə bildirilir ki, “Bayern” (Münhen) klubunun oyunçusu ayaq barmağının qırılması səbəbindən Bundestimin qarşıdakı 3 matçında çıxış edə bilməyəcək. Artıq bu barədə Almaniya millisinin həkimi Hans-Vilhelm Müller baş məşqçi Yoahim Lövü də xəbərdar edib və qarşılıqlı razılığa əsasən onun adı millimizlə oyun üçün açıqlanan heyətdən çıxarılıb.
Maraq üçün qeyd edək ki, bu zədə nəticəsində Münhen klubunun təcrübəli futbolçusu bu üzdən düz 3 qarşılaşmanı buraxacaq. Məsələ burasındadı ki, Bastian Azərbaycanla oyuna kimi Uruqvayla mayın 29-da baş tutacaq yoxlama görüşündə, eləcə də iyunun 3-də Avstriya ilə AÇ-2012-nin seçmə mərhələ oyununda da iştirak etməyəcək. Bakıdakı qarşılaşma isə iyunun 7-də keçiriləcək.
