20 may 2011 00:34
Ell və Nikki Almaniyada Berti Foqtsu müzakirə etdi
Almaniyada təşkil olunan Avroviziya mahnı müsabiqəsində ölkəmizi layiqincə təmsil edərək bütün Avropada özlərindən söz etdirən azərbaycanlı duet Ell və Nikki (Eldar Qasımov – Nigar Camal) təşkilatçı ölkənin ən populyar tok-şoularından olan TV TOTAL-ın qonağı olub. Azerisport.az xəbər verir ki, proqramın aparıcısı tanınmış şoumen Ştefan Raab olub.
Raab proqramın gedişində Azərbaycan yığmasının baş məşqçisinin almaniyalı mütəxəssis Berti Foqts olduğunu xatırladıb. Bu zaman Nigar daha çox İngiltərə futbolunun azarkeşi olduğunu gizlətməyib. Eldar isə Azərbaycan futbolundan danışıb.
Maraq üçün bildirək ki, tok-şouda Eldar bildiyi alman dilindən yararlanıbsa, Nigar ingilis dilində ünsiyyət qurub.
