22 may 2011 11:28
Karpatı millimizin qapıçısına 3 illik müqavilə təklif etdi
Ukraynanın “Karpatı” klubu Azərbaycan yığmasının qapıçısı Andrey Popoviçlə maraqlanır. Azerisport.az xəbər verir ki, Lvov şəhərinin təmsilçisi “Abşeron”un şərəfini qoruyan qapıçıya 3 illik müqavilə təklif edir.
Bununla əlaqədar azerisport.az saytına açıqlamasında Popoviç ağağıdakıları qeyd edib: “Mən düşünmək üçün vaxt istəmişəm. Müqavilə ilə “Bakı”ya məxsusam. Amma “Karpatı”ya lazım olsam, onlar bu transfer xərcini üzərinə götürməlidi. Onların hazırda iki qapıçısı var. Məni transfer edəcəkləri halda, komandanın ikinci qapıçısı olacağımı bildirirlər”.
Popoviç bu yaxınlarda baxışa yollandığı Almaniyanın “Fortuna” klubu ilə münasibətlərinin nə yerdə qalmasından da danışıb: “Komandanın baş məşqçisi Norbert Mayer bir oyunda mənə şans verdi. Həmin qarşılaşmada 90 dəqiqə oynadım. Lakin oyundan sonra heç bir söz demədi. “Fortuna”ya əsas qapıçı lazım idi. Lakin mənə bu gözlə baxmırdılar. Halbuki, qalsaydım, uzağı bir ilə əsas qapıçı ola bilərdim”.
Popoviçin daha bir variantı var ki, bu da “Abşeron”du. Hansı ki, əsas heyətdə meydana çıxa bilir. Lakin o, bu klubda da icarə əsasında çıxış edir: “Mən daha bir il Azərbaycanda qalmağın da əleyhinə deyiləm. Hər halda daha da təcrübə yığmış olaram”.
