22 may 2011 12:11
İspaniya futbolunda yeni tarix!
Bu mövsüm aparıcı turnirlərdə əzəli rəqibi “Barcelona”ya uduzan Madridin “Real” klubu İspaniya kuboku ilə yanaşı daha bir təsəlli tapıb. Azerisport.az xəbər verir ki, mövsümü ikinci pillədə bitirən Joze Mourinyonun komandasında onun həmyerlisi Kristiano Ronaldo düz 40 qol vuraraq, yeni rekorda imza atdı.
“Almeira” ilə dünən keçirilən mövsümün qapanış matçında daha iki qol vuran Ronaldo həm “Real”ın, həm də İspaniya çempionatlarının tarixinə düşdü. Çünki bununla o, Huqo Sançesin 1989-1990 mövsümündə, eləcə də Telmo Zarranın 1950-1951 mövsümündə qırdığı bir mövsüm ərzində 38 qolluq rekordu geridə qoymuş oldu.
“Real” düşərgəsində bu olayın daha böyük sevinclə qarşılaşmasına isə daha bir səbəb vardı. Çünki Ronaldonun bu bombardirlik yarışında əsas rəqibi elə “Barcelona”nın üzvü olan Lionel Messi idi. Cəmi 2-3 həftə öncəyə kimi argentinalı futbolçudan geridə olan Ronaldo məhz son oyunlarda vurduğu qollarla rəqibini geridə qoymağı bacardı. Messi mövsümün yekununda 31 qolda qaldı.
