23 may 2011 13:12
Xəzər Lənkəran bəyanat yaydı
“Xəzər Lənkəran” klubu Premyer Liqanın “Neftçi” ilə oyunundan sonra yaşanan olaylarla əlaqədar bəyanat yayıb. Azerisport.az həmin bəyanatı olduğu kimi təqdim edir:
“Premyer Liqanın son turu çərçivəsində “Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra polis əməkdaşları və “Xəzər Lənkəran” azarkeşləri arasında baş verən xoşagəlməz hallar klubun diqqətindən kənarda qalmayıb. Baş verənlərdən sonra “Xəzər Lənkəran” rəhbərliyi və DİN-in səlahiyyətli şəxsləri arasında görüş keçirilmiş və yuxarıda göstərilən olaylar müzakirə edilmişdir. Klub rəhbərliyi polis əməkdaşlarının tətbiq etdiyi qeyri adekvat güc tədbirləri ilə bağlı öz narahatlığını bildirdi və belə halların təkrar olunmamasına ümidvar olduğunu ifadə etdi. Öz növbəsində qarşı tərəf gələcəkdə belə insidentlərin yaşanmaması üçün polisin daha diqqətli olacağını vəd edib.
Klub olaraq bəyan edirik ki, “Xəzər Lənkəran” polis orqanları ilə heç bir zaman heç bir problem yaşamayıb və gələcəkdə də hər hansı problemin yaşanmaması üçün öz səlahiyyətləri daxilində tam gücü ilə çalışacaq. Son oyunda yer alan insidentlər isə ayrı-ayrı şəxslərin təxribatı nəticəsində meydana gəlib və istər klub rəhbərliyi, istər polis orqanları bunlarda maraqlı ola bilməz.
“Xəzər Lənkəran” Futbol Klubu gələcəkdə bu cür hallara yol verilməyəcəyinə və səfər oyunları zamanı qanun keşikçiləri tərəfindən klubun azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağına ümid edir”.
