23 may 2011 15:25
Almaniyada mövsümün ən yaxşı və pisləri elan olundu
Almaniya Bundesliqasının geridə qalan mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən mövsümün iştirakçı klublarının şərəfini qoruyan oyunçular arasında aparılan sorğuda mövsümün ən yaxşı futbolçusu Dortmund “Borussia”sının üzvü Nuri Şahin seçilib.
Dortmund klubunu İspaniya “Real”ına dəyişən Türkiyə millisinin yarımmüdafiəçisi Bundesliqa oyunçularının 46,1 faiz səs çoxluğunu qazanıb. Maraqlıdı ki, onun əsas izləyicisi də məhz “Borussia”dakı komanda yoldaşı olub. 18,7 faiz səs toplayan Mario Qotse ikinci olub.
Mövsümün ən pis hakimi türk əsilli referi Deniz Aytekin seçilib - 32,9 faiz. Ən yaxşı hakim isə 34,3 faiz səs toplayan Florian Meyer seçilib.
Ən yaxşı qapıçı 70 faizlik səs çoxluğuna malik Almaniya millisinin qapıçısı Manuel Noyer seçilib. Ən yaxşı baş məşqçisi təbii ki, komandasını çempion etmiş və 40,4 faiz səs qazanan “Borussia”nın baş məşqçisi Yurgen Klopp olub. “Hannover”in çalışdırıcısı Mirko Slomka isə 26 faiz səslə ikinci olub. Ən pis baş məşqçi 34,2 səs çoxluğu ilə “Wolfsburg”un çalışdırıcısı Feliks Maqat seçilib.
