23 may 2011 16:50
Millimizin Almaniya ilə oyunu yunanlara həvalə olundu
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA sözügedən qarşılaşmanı yunanıstanlı hakimlərə həvalə edib.
Belə ki, Bakıdakı çətin qarşılaşmada baş hakim funksiyasını Mixail Koukoulakis yerinə yetirəcək. Onun köməkçiləri Xristos Baltas və Leonidas Vasileidais olacaq. Ehtiyat hakim isə Vasilios Pamporidis olacaq.
Mixail Koukolakisin 35 yaşı var. Hakimliyə 1992-ci ildə başlayan ədalət təmsilçisi 2008-ci ildən FİFA referisidi və bu ilin əvvəlində UEFA-nın 2-ci kateqoriyasına daxil olub. Yunan referi 2009-cu il 14 oktyabrında 19 yaşadək futbolçulardan ibarət millimizin Danimarkaya 0:3 hesabı ilə uduzduğu oyunu idarə edib və iki futbolçumuza qırmızı vərəqə göstərib, həmçinin qapımıza penalti təyin edib.
Maraq üçün xatırladaq ki, Azərbaycan – Almaniya oyunu iyunun 7-də, saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
AÇ-2012-nin seçmə oyunu
7 iyun
Azərbaycan – Almaniya
Baş hakim: Mixail Koukoulakis
Baş hakimin köməkçiləri: Xristos Baltas, Leonidas Vasileidais
Dördüncü hakim: Vasilios Pamporidis
