23 may 2011 19:48
Kaxaber Sxadadze: Final əsəb oyunudu
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun sabah keçiriləcək “Xəzər Lənkəran”la final oyunundan öncə bu gün təşkil olunmuş mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, həlledici görüş öncəsi bunları dilə gətirib:
“İstənilən final oyunu vacibdi. Bizim üçün isə bu oyun ikiqat vacibdi. Bu oyuna tam gücümüzlə hazırlaşırıq, özümüzü ən yaxşı tərəfdən göstərib, uğur qazanmaq istəyirik. Üç dəfə finala çıxsaq da, hər üçündə məğlub olmuşuq. Bu sindromu sındırmağa çalışacağıq. Biz çox güclü komandaya qarşı mübarizə aparacağıq, “Xəzər Lənkəran”ın futbolçuları peşəkarlıq baxımdan çox yaxşı komplektləşib. Bu, finaldı, iki komandadan hansı oyuna daha yaxşı hazır olsa, o da qalib gələcək. Hər iki komanda finala layiqdi. Azarkeşlərə söz verirəm ki, çox maraqlı oyun olacaq. Bütün diqqətimizi sabahkı oyuna yönəltmişik”.
Gürcü mütəxəssis bu görüşə daha çox avrokuboklara qatılmaq üçün son şans kimi baxdıqlarını, lakin titul qazanmağı da az istəmədiklərini deyib: “Avrokuboklara düşə bilməsək çox məyus olacağıq. Bu mövsümdə artıq 4 dəfə qarşılaşmışıq, 3:1 hesabı ilə məğlub olduğumuz oyundakı 20 dəqiqəni hesaba almasaq “Xəzər Lənkəran”a qarşı bütün oyunlarda yaxşı oynamışıq. Baxmayaraq ki, “Xəzər Lənkəran” Avroliqaya vəsiqəni təmin edib, bu, final oyunudu. Hər bir futbolçu titul qazanmağa cəhd etməlidi. “Xəzər Lənkəran” futbolçularında da bu həvəs olacaq. Final görüşü həmişə əsəb oyunudu. Bu, oyunun əvvəlində özünü daha çox göstərə bilər. Lakin 10 dəqiqədən sonra artıq özünə gəlmək olar. Emosiyalar da olacaq, lakin bu emosiyaları düzgün yönləndirmək lazımdı. Çalışmaq lazımdı ki, yaratdığımız çoxlu qol imkanlarından fərqlənə bilənək. Ümumiyyətlə, həm müdafiədə, həm də hücumda etibarlı oynamalıyıq”.
“İnter”in çalışdırıcısı etiraf edib ki, final qarşılaşmasında penalti zərbələrini də istisna etmirlər və buna hazırlaşıblar: “Komandamız heç bir halda ikinci rolda olmayacaq. Oyunboyu tempi dəyişməyə çalışacağıq. Finalda oynayan bütün komandalar kimi biz də əlavə vaxta və penalti seriyasına hazırlaşırıq. Fikrimcə, penalti lotereyadı”.
Sxadadze Branimir Subaşiçin “İnter”ə keçidinə də münasibətini açıqlayıb: “Subaşiçin alınması ilə əlaqədar söhbətlər qeyri-dəqiqdi. Bir çox futbolçular nəzərimizdə olsa da, hələ ki, heç bir futbolçu ilə rəsmi anlaşmamışıq. Bütün fikrimizi kubokun finalına yönəltmişik. Ötən mövsüm transfer bazarında uğursuzluq yaşadıq. Bu məsələyə daha diqqətlə yanaşacağıq”.
