24 may 2011 00:06

İkiqat əhəmiyyətə malik duel və ya İnter`in final sindromu

Bu gün Azərbaycan kubokunun yeni sahibi müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, ölkə kubokunun 2010/11 mövsümünün həlledici qarşılaşmasında “Xəzər Lənkəran”la “İnter” üz-üzə gələcək.
 
Maraq üçün xatırladaq ki, hər iki klub tarixində dördüncü dəfə Azərbaycan Kubokunun final oyununa çıxır. “İnter” ilk üç final matçında heç vaxt qələbə qazana bilməyib. “Xəzər Lənkəran” isə əvvəlki finallardan yalnız birində məğlub olduğu halda, digər ikisində kuboka sahib çıxmağı bacarıb.
 
“Xəzər Lənkəran” yaranışından sonrakı ilk iki mövsümündə kubokun finalına kimi irəliləyə bilməsə də, 2006/07 mövsümü komandanın tarixinin ən uğurlu mövsümü kimi azarkeşlərin yaddaşındadı. Milli çempionatda qələbə qazanan “ağ-yaşıllar” kubokun finalında da “MKT-Araz”dan üstün olaraq ilk dəfə bu turnirin baş mükafatına sahib çıxıb. 2007/08 mövsümündə “Xəzər Lənkəran” ardıcıl olaraq ikinci il Azərbaycan Kubokunun finalına adını yazdırıb. Özü də həmin finalda rəqib məhz bu dəfəki “İnter” idi. Maraqlıdı ki, həmin qarşılaşma da bu il olduğu kimi 24 may tarixində baş tutmuşdu. Tarixinin ikinci kubokuna məhz “İnter”i məğlub etməklə sahib çıxan “Xəzər Lənkəran”a həmin uğuru Juninyo 115 və 119-cu dəqiqələrdə vurduğu qollara qazandırmışdı.
 
Növbəti mövsüm “Xəzər Lənkəran” ölkə kubokunda uğursuz nəticəsi ilə yadda qalsa da, ondan sonrakı ildə komanda yenidən finala vəsiqə qazandı. Bu dəfə rəqib “Bakı” idi. Yenə də əsas vaxtda qalib məlum olmadı. Əlavə vaxtda isə rəqibin vurduğu iki qolun müqabilində Elvin Beqirininin topu sadəcə təsəlli xarakteri daşıdı. Nəticədə cənub təmsilçisi tarixinin üçüncü kubokunu qazanmaq şansını əldən verdi.
 
Amma bu şans bir il sonra yenidən qayıdıb. Yeddinci mövsümündə “Xəzər Lənkəran” tarixinin dördüncü kubok finalına vəsiqə qazanıb. Bu dəfə də rəqib “İnter”, bu dəfə də tarix 24 may. Bu oyuna kimi isə “ağ-yaşıllar”a üç mərhələ adlamaq lazım gəlib. 1/8 finalda “MKT-Araz”ı evdə 3:1 məğlub edən XL 1/4 finalda əzəli rəqibi “Neftçi” ilə üzləşib. Səfərdə 4:3 hesablı qələbəyə sevinən cənublular evdə də sərfəli 1:1 hesabıyla adını yarımfinala yazdırdı. 1/2 finalda isə “Bakı”ya evdə minimal hesabla qalib gələn (1:0) Mirça Rednikin yetirmələri səfərdə 1:2 hesabıyla məğlub olmasına rəğmən, məhz səfər qolu sayəsində həlledici oyunda iştirak hüququna yiyələnib.
 
“İnter”də isə vəziyyət tam fərqlidi. Qeyd etdiyimiz kimi, bundan əvvəl keçirilən 3 finalda bu komanda hələki Azərbaycan Kubokuna sahib ola bilməyib. “Bankirlər” ilk dəfə bu turnirin həlledici oyununa 2004/05 mövsümündə yüksəlib. Həmin mövsüm finalda "Bakı" ilə görüşən “İnter” yalnız əlavə vaxtda buraxdığı qolla kuboku qazana bilməmişdi.
 
Paytaxt klubu tarixinin ikinci finalı matçını 2007/08 mövsümündə keçirib. "İnter" həmin mövsümdə asanlıqla finala kimi adlasa da, finaldakı rəqibi heç də asan deyildi. Çünki “bankirlər” məhz bugünkü rəqibi “Xəzər Lənkəran”ı məğlub etməliydi. Lakin paytaxt klubu bu dəfə də əsas vaxtda istəyinə çata bilməyincə, əlavə vaxtda iki qol buraxaraq, kubokla vidalaşmışdı.
 
Nəhayət, 2008/09 mövsümündə də Azərbaycan kubokunu qazanmaq şansı əldə edən “İnter” bu dəfə də "Qarabağ"la mübarizədən məğlub ayrılıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həlledici qarşılaşmanın taleyini Vaqif Cavadovun ikinci hissənin əvvəlində vurduğu penalti qolu həll etmişdi.
 
“İnter”in bu mövsüm üçün finala qədərki yoluna gəldikdə isə, 1/8 finalda "Şuşa" üzərində qazanılan 4:1 hesablı qələbə bu komandanı növbəti mərhələyə daşıyıb. 1/4 finalda da birinci divizion təmsilçisi "Abşeron"la qarşılaşan Kaxaber Sxadadzenin komandası  ilk oyunda minimal hesablı qələbəyə sevinmişdi. Ev oyunundakı qolsuz heç-heçə isə yarımfinala çıxmağa mane olmamışdı. Yarımfinalda isə AZAL ilə ev oyununda qolsuz bərabərliyə razılaşan “bankirlər” yenə səfərdə 1 qol vuraraq, adını finala yazdırmışdı.
 
İndi finalda yenə futbolsevərlərimiz "İnter" - "Xəzər Lənkəran" duelinin şahidi olacaq. Lakin yenə cənub təmsilçisinin güləcəyi, yaxud “bankirlər”in uzunmüddətli sindroma son qoyacağı qaranlıq olaraq qalmaqdadı. “Bankirlər”in cari mövsümü boşa verib, Premyer Liqanı 5-ci pillədə başa vurduğunu, “Xəzər Lənkəran”ın isə gümüş medal qazandığını nəzərə alsaq, cənub klubunu favorit hesab etmək olar. Amma bu, final oyunudu və burda dəqiq proqnoz vermək bir qədər çətindi.
 
Həm də bir məqamı vurğulamaq lazım gəlir ki, “Xəzər Lənkəran”dan fərqli olaraq “İnter” həm də avrokuboklara vəsiqə qazanmaq üçün kuboka sahib çıxmalıdı. Əks halda avrokuboklara sonuncu vəsiqə məhz Premyer Liqada 4-cü pilləni tutmuş AZAL-a qismət olacaq. “Təyyarəçilər”in bu qarşılaşmada “Xəzər Lənkəran”a azarkeşlik edəcəyini proqnozlaşdırmaq da çətin deyil. Odu ki, “İnter” sindroma son qoymaqla yanaşı həm də Avropa Liqasına vəsiqə qazanmaq baxımından son şansından yararlanmalıdı. “Xəzər Lənkəran” üçün isə əlavə stimul kimi kuboku qazanacağı halda Avroliqaya da ikinci təsnifat mərhələsindən başlayacağını göstərmək olar.
 
Azərbaycan kuboku
Final
24 may (çərşənbə axşamı)
 
20:00. İnter - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.