23 may 2011 00:25
Almaniya millisinin daha bir üzvü Bakıya gəlməyə bilər
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv daha bir problemlə üzləşib. Azerisport.az xəbər verir ki, Bundestimin çalışdırıcısı qarşıdakı 3 oyun ərəfəsində daha bir futbolçunun xidmətindən məhrum ola bilər.
Bu, Münhenqladbax “Borussia”sında forma geyən Marko Roysdu. Almaniya mətbuatının yazdığına görə, yarımmüdafiəçi sözügedən komandanın heyətindəki son matçında zədə alıb. Hazırda müalicəsi davam etdirilən futbolçu haqda yaxın günlərdə həkimlər qərar verəcək. Onun zədəsinin gec sağalacağı müəyyənləşsə, böyük ehtimalla Bakıya gətirilməyəcək.
Maraq üçün xatırladaq ki, Yoahim Löv Roysdan öncə “Bayern”in yarımmüdafiəçisi Bastian Şvaynştaygeri heyətdən kənarlaşdırmışdı. Sonda Almaniya yığmasının mayın 29-da yoldaşlıq görüşü çərçivəsində Uruqvayla, iyunun 3-də və 7-də isə müvafiq olaraq AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Azərbaycanla qarşılaşacağını da vurğulayaq.
