24 may 2011 01:47
Cəmşid Məhərrəmov: Bu, mənim üçün utancvericidi
"Bakı"nın kapitanı Cəmşid Məhərrəmov da ötən mövsümü dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, müsahibəsində bunları dilə gətirib.
“Bu mövsüm həm "Bakı" klubunun rəhbərliyi, həm də şəxsən mənim özüm üçün çox uğursuz oldu. Premyer Liqanı 6-cı pillədə başa vurmağımız mənim üçün utancvericidi. Bunu ən zəif nəticə sayıram. Bu cür şərait, bu cür imkanlar, bu cür maddiyyatla göstərdiyimiz nəticə heç uyğun gəlmir”.
Lakin buna baxmayaraq, Məhərrəmov növbəti mövsümdə həm çempionluq, həm də ölkə kuboku uğrunda mübarizə aparacaqlarını deyib: "Bakı" həmişəki kimi, öz hədəfindən dönməyəcək. Növbəti mövsümdə komandamız çempionluq və kubok üçün oynayacaq. İnanıram ki, gələn il bu mövsümün əvəzini çıxacağıq. İnşallah, həm çempion olarıq, həm də kuboku götürərik. Azarkeşlərə onu demək istəyirəm ki, həvəsdən düşməsinlər. İnşallah, gələn mövsüm onları ürəkdən sevindirməyə çalışacağıq. Onlara layiq olduqları çempionluğu və kuboku bəxş edəcəyik".
Müdafiəçi Azərbaycan milli komandası barədə də danışıb: "Yığmada olduğum vaxt AFFA-nın baş katibi Elxan Məmmədov bizə demişdi ki, Qazaxıstana qalib gəlmək lazımdır. Biz də hazırlaşırıq. Çalışacağıq ki, əvvəlcə Qazaxıstanla səfərdə, sonra isə Almaniya ilə evdə keçirəcəyimiz AÇ-2012-nin seçmə oyunlarında azarkeşlərimizi sevindirək".
