24 may 2011 16:15
Robertas Poşkus: Bu, bizim son şansımızdı
“İnter”in hücumçusu Robertas Poşkus azerisport.az-a müsahibəsində futbol üzrə ölkə kubokunun finalında “Xəzər Lənkəran”a qarşı baş tutacaq oyundan, hücumdakı problemlərdən və çempionatdakı çıxışdan danışıb.
- Final oyunundan nə gözləyirsiniz?
- Ancaq pozitiv ovqat. Düşünmürəm ki, “İnter” bu oyunda məğlub olacaq.
- Qarşıdakı rəqib haqda nə deyə bilərsiniz?
- Bilirsiniz, biz çempionatda lənkəranlılarla üç dəfə heç-heçə oynamışıq və bir dəfə məğlub olmuşuq. Ola bilsin ən baxımlı oyunlarımız bu komanda ilə olub. Bir komanda kimi “Xəzər Lənkəran” xoşuma gəlir. Onlar yaxşı, maraqlı futbol oynayırlar. Düşünürəm ki, bizi gözəl final gözləyir.
- Düşünmürsünüz ki, “Xəzər Lənkəran” “Avropa Liqa”sına vəsiqəni təmin etdiyindən arxayın olacaq?
- Düşünmürəm ki, onlar qalib gəlmək istəməyəcəklər. Kubokda qələbə onlara bizə vacib olduğu kimi vacibdir. Baxmayaraq ki, “İnter” üçün bu, avrokuboklara düşmək üçün son imkandır.
- Əgər komandaların gücünü ötən görüşlərə əsasən müqayisə etsək, oyunun taleyinin əsas, yaxud əlavə vaxtda həll olunacağını düşünürsünüz?
- Düzünü deyim, bilmirəm. Hər halda bu, finaldır və nəyisə qabaqcadan təxmin etmək olmaz.
- Son oyunlarda “İnter”in hücum xətti bəzi çətinliklər yaşayır. Bu nə ilə bağlıdır?
- Özüm də bilmirəm. Ola bilsin ki, indi biz, məsələn, ötən mövsümdən fərqli elə də hücum futbolu sərgiləmirik. Həm də hücumameylli futbolçularımız tez-tez müxtəlif zədələr alırlar. Buna görə də bəzən müdafiədən oynayırıq.
- Kubokun finalında “Xəzər Lənkəran”a qarşı da oyunu müdafiədən quracaqsınız?
- Bu sual artıq mənə aid deyil. Bunu məşqçi müəyyən edir. Oyunda isə hər şeyi özünüz görəcəksiniz.
- Əgər qarşıdakı finalı nəzərə almasaq, cari mövsümü sizin üçün müvəffəqiyyətsiz hesab etmək olar...
- Bəli, çempionat bizim üçün müvəffəqiyyətsiz alındı. Biz bunu istəmirdik. Düzdü, “Birlik Kuboku”nu qazandıq. Ancaq bu turnir çox güc alaraq oyunçulara yorğunluq əlavə etdi. Mahiyyətcə eyni oyunçular oynayırdı. Ona görə də bu, öz təsirini göstərdi.
- Belə olan halda turnirdə iştirak edən komandaların çoxunun ikinci, hətta üçüncü heyətlə oynadığı “Birlik Kuboku”na əsas heyəti göndərmək düzgün idimi?
- Haqlısınız. Ora son vaxtlar gəncləri göndərirlər. Bizə gəlincə burada hər şeyi rəhbərlik və məşqçi həll edirdi. Onlara komanda üçün nəyin daha yaxşı olduğu görünür.
- Mövsümün bitməsi ilə komandada qalacaqsınız, yoxsa gedəcəksiniz?
- Hələki “İnter”in oyunçusuyam. Bu komanda ilə müqaviləm var. Yayda nə olacaqsa, bu barədə sonra danışarıq.
- Siz “Xəzər Lənkəran”la dəfələrlə görüşmüsünüz. Demək olar ki, hər iki komanda bir-biri ilə lap yaxşı tanışdır. Oyununuza bələd olmaqlarından ehtiyatlanmırsınız ki?
- Yox. Bilirsiniz, mən və bütün komanda bütün rəqiblərlə qarşılaşmaya eyniylə hazırlaşırıq. Biz öz oyunumuzu oynamağa çalışırıq - komanda oyunu. Finalda məhz belə oynamağa çalışacağıq.
