25 may 2011 10:58
Uinston Parks: Penaltilər seriyasında allaha yalvarırdım
“Xəzər Lənkəran”ın hücumçusu Uinston Parks futbol üzrə “Azərbaycan Kuboku”nun “İnter”lə final oyunundan (1:1, 4:2 - pen.) sonra azerisport.az-ın müxbirinin suallarını cavablayıb.
- Qələbə münasibəti ilə sizi təbrik edirik. Final görüşünü necə qiymətləndirirsiniz?
- Təşəkkür edirəm. Çətin, maraqlı görüş idi. Kuboka layiq idik. Rəqibdən güclü oynayırdıq. Bütün mövsüm boyu çempionluq uğrunda mübarizə apararaq yaxşı oyun göstərmişik. Ona görə hesab edirəm ki, biz bu qənimətə layiq idik.
- Ölkənin mərkəzi arenasına Lənkərandan çoxlu azarkeş gəlmişdi. Bu sizi ruhlandırdı?
- Bütün komanda dəstəyə görə onlara minnətdardı. Onlar bizə nəinki bu gün, həmişə dəstək olublar. Qələbə, məğlubiyyət, heç-heçə etdiyimiz günlərdə belə. “Azərbaycan Kuboku”nda bu qələbə bizim azarkeşlərimiz üçündür.
- Oyunun 90 dəqiqəsini komandalar boşuna qaçdılar. Əlavə vaxtda düşünmək olardı ki, hər iki komanda nisbətən sakit oynayacaq. Ancaq hər iki qol məhz əlavə vaxtda vuruldu.
- Mən həmişə qol vuranda sevinirəm. Qol vura bilməyəndə həmişə kədərliyəm. Bu dəfə vurdum və buna sevinməyə bilmərəm. Bu an mən ən xoşbəxt idim.
- Yəqin rəqibin cəmi bir neçə dəqiqə sonra qol cavabını düşünmürdünüz?
- Axı bu, futboldur. Bəli, qol buraxdıq. Ancaq belə olur. Ən əsası - biz final oyununu qazandıq.
- Oyunun penaltilər seriyasına qədər uzanacağını gözləyirdiniz?
- Burada nəsə gözləmək mümkün deyil. Xüsusən final oyununda. Axı bu, futboldur. Burada hər şey baş verə bilər. Ancaq oyun penaltilər seriyasına çatanda bizə kömək olması üçün allaha dua edirdim.
- Bu qələbə “Xəzər Lənkəran”a “Avropa Liqası”na ikinci mərhələdən başlamağa imkan verdi.
- Bu, yaxşıdır. İndi biz öz üzərimizdə işləməli və avrokubok döyüşlərinə hazır olmalıyıq. Sonra isə avromövsüm başlayanda öz əməyimiin səfasını görəcəyik.
