25 may 2011 13:44
Vaqif Qasımov: AZAL və Xəzər Lənkəran qarşılıqlı yardımçı oldular
AZAL-ın prezidenti Vaqif Qasımov komandasının Avropa Liqasına çıxışını şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"Azərbaycan Kubokunun final oyunu bərabər və maraqlı mübarizə şəraitində keçdi. Penaltilər seriyasında uğur "Xəzər Lənkəran"ı tapdı və kuboku qazandılar. "Xəzər Lənkəran"a azarkeşlik etdiyimi gizlətməyəcəyəm. Belə ki məhz onların qələbəsi bizim Avropa Liqasına çıxışımıza təminat verirdi. Qeyd edim ki, öz növbəmizdə biz də lənkəranlıların gümüş medallara yiyələnməsinə yardımçı olduq. Belə demək olarsa, bir-birimizə yardımçı olduq. Əlbəttə, AZAL bunu məqsədyönlü etmədi. Biz, sadəcə öz oyunumuzda qələbə qazandıq", deyə Qasımov bildirib.
"Ev oyunlarının keçirilməsinə gəlincə, AZAL ev oyunlarını Şüvəlanda, öz arenasında keçirəcək. Orada bizə yaxşı dəstək təmin olunub. Avropa Liqasına heyəti öz yığmalarında çıxış edən yüksək səviyyəli legionerlərlə gücləndirməyi planlaşdırırıq", deyə Qasımov söz verib.
