25 may 2011 18:07
Kamran Ağayev: Mənsimova kubokda qələbə söz vermişdim
Futbol üzrə milli komandamızın və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Azərbaycan Kubokunun “İnter”lə final oyunundan (1:1, 4:2 - pen.) sonra azerisport.az saytının müxbirinin suallarını cavablayıb. Ağayev həmçinin “Bakı” ilə ötənilki final, Almaniya və İngiltərə klublarından gələn təkliflər barədə söz açıb.
- Kubokun “İnter”lə final görüşündən sonra sizi oyunun ən yaxşı oyunçusu adlandırdılar...
- Çoxları mənim bu oyunun qəhrəmanı olduğumu hesab edir. Ancaq tək mən yox, meydanda olan hamını qeyd etmək lazımdı. “Xəzər Lənkəran”ın heyətində qələbə haqda düşünən on bir qəhrəman meydana çıxmışdı. Başqa nəticə bizi sadəcə qane etmirdi. Biz “qızıl dubl”a susamışdıq. Ancaq çempionluq mübarizəsində “Neftçi”yə uduzduq. Çempionlar Liqasında onlara uğurlar arzulayıram. Dünənki finalda qələbə bizim səylərimizin bəhrəsidi. Avstriya, Türkiyədəki toplanışların və məşqçi göstərişlərinin nəticəsidi. “Xəzər Lənkəran” bu qələbəyə layiq idi və Azərbaycan kubokunu layiqli şəkildə qazandı.
- Qəniməti başınız üzərinə qaldıranda hansı hisslər keçirirdiniz?
- Bu hissləri sözlərlə ifadə etmək olmaz. Sən sadəcə komandan və azarkeşlərinlə fəxr edirsən.
- Penaltilər seriyası başlayanda qorxu hissi var idi?
- Elə adamlar var ki, məni “penaltiçi”, yəni penaltiləri tuta bilən qapıçı bilir. Amma bu, belə deyil. Penalti lotoreyadı. Əlbəttə, yaxşı reaksiya lazımdır Amma sizi əmin edim ki, dünən biz hər şeyi 90 dəqiqəyə həll etmək istəyirdik. Bütün başqa oyunlarda olduğu kimi hər şeyi əsas vaxtda həll etmək istəyirdik. Yaxşı qapıçı komandaya bütün oyun boyu lazımdır On bir metrliklər artıq başqa mövzudur Axı penaltilər seriyası oyundan sonra olur. Qapıçı bu zaman da qapısını qorumalıdı. Onu da deyim ki, bu qələbədən sonra sanki çiyinlərimdən dağ götürdülər. Həm də klub prezidenti Mais Mənsimova kubokda qələbə söz vermişdim.
- Belə vəd olub?
- Ötənilki finala görə özümü təqsirkar bilirəm. Onda “Bakı” “fair-play”i pozmaqla düzgün etmədi. O epizodda diqqətsiz olmağıma görə təqsirkaram. Bundan sonra klub prezidentinə kuboku komanda üçün qazanacağımı demişdim. Biz bunu etdik. Həmçinin azarkeşlərimizə minnətdaram. “Xəzər Lənkəran” azarkeşləri böyük bir ordudu. Onlar bizi daha yaxşı oynamağa məcbur edirlər.
- “Neftçi”də çıxış etmək istəyiniz haqda söz-söhbətə nə deyərdiniz?
- KİV-də yayılmış “Neftçi”də oynamaq istəyimlə bağlı xəbərlər həqiqət deyil. Bəli, bu komanda Azərbaycanın birinci klubudu. Deyə bilmərəm ki, onlar flaqmandı. Axı bu sözün məğzi tam fərqlidi. “Neftçi”nin çoxlu azarkeşi var. Əvvəllər hamının onlara azarkeşlik etməsi sirr deyil. Belə ki, onda ancaq bir klub olub. Ancaq “Xəzər Lənkəran” qısa müdətdə böyük uğurlar qazana bilib. Ürəyim Lənkəran komandasındadı. Buna baxmayaraq gələcəkdə hər şey ola bilər. Ola bilər ki, “Xəzər Lənkəran”la müqaviləmi uzatmasınlar və mən “Neftçi”yə keçim. Ancaq düşünmürəm ki, azarkeşlər məni buraxar.
- Bəs hər hansı klublardan təklif var?
- Hazırda konkret təklif yoxdu. Mənə İngiltərə və Almaniya klublarından maraqlar olduğunu deyiblər. Onlar mənim iştirakımla keçən oyunların videoyazısına baxıblar. Əgər hər hansı kluba keçsəm, bu, güclü klub olmalıdı. Əgər hər hansı komanda transferə görə böyük məbləğ ödəsə, çətin ki, oyunçunu ehtiyatda saxlasın. Bax, mən də ehtiyat oyunçular skamyasında oturmaq istəmirəm. “Xəzər Lənkəran”da əsas heyətdə oynayıram. Niyə ehtiyatda oturacağım yerə getməliyəm? Ancaq məni əsas heyətdə görmək istəyən etibarlı kluba gedərəm.
- PFL prezidenti Superkubok uğrunda oyunun keçirilə biləcəyini qeyd edib...
- Son iki ildə “Neftçi” bizi bir dəfə də məğlub etməyib. Beləki biz nə onlardan, nə də kimsədən qorxmuruq. “Xəzər Lənkəran” “Neftçi” ilə Superkubok uğrunda oynamağa hazırdı. Qoy oyunun keçirilmə vaxtını desinlər, biz qələbəyə hazırlaşacağıq. Daha bir qənimət əldə etməyin əleyhinə deyilik.
- “Xəzər Lənkəran” Avropa Liqasında nəyə ümid edə bilər?
- Bunu deyə bilmərəm. Gəlin bir qədər gözləyək. Qarşıda bizi Azərbaycan yığmasının oyunları gözləyir. Bir şey aydındı ki, “Xəzər Lənkəran” futbolçuları qələbə üçün əllərindən gələni edəcəklər. Bacardığımız qədər uzağa getməyə çalışacağıq. Məhz avrokuboklarda kimin nəyə qadir olduğunu görəcəyik. Bütün klublarımıza uğörlar arzulayıram. “Xəzər Lənkəran”ın uğuruna inanıram.
