25 may 2011 19:28
AFFA prezidentindən klublarımıza təbrik və uğur
Azərbaycanda 2010/2011-ci il futbol mövsümünün başa çatması münasibətilə AFFA-nın prezidenti Rövnəq Abdullayev fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, futbol təsərrüfatımızın rəhbəri mövsümün yekunlarıyla bağlı bunları dilə gətirib:
“Premyer Liqanın və Azərbaycan kuboku uğrunda yarışın uğurla başa çatması münasibətilə ölkə futbol ictimaiyyətini, klublarımızı və azarkeşləri təbrik edirəm. Çempionatın və ölkə kuboku uğrunda yarışın gedişində çoxsaylı maraqlı oyunlara baxdıq, gözəl qollar izlədik, bəzən emosiyaların coşmasının şahidi olduq. Təbii ki, bütün bunlar futbolun özünəməxsus gözəllikləridi. Qeyd etmək lazımdır ki, komandalarımızın oyununu izləyərkən irəliyə doğru müsbət addımların atılması hiss olunur və bu, gələcəyə nikbin baxmağımıza əsas verir.
“Neftçi” klubunu Premyer Liqanın, “Xəzər Lənkəran” komandasını Azərbaycan kubokunun qalibi olması, “Qarabağ” və AZAL klublarını isə Avropa Liqasına vəsiqə qazanması münasibətilə təbrik edir, avrokuboklarda çıxış edəcək bütün komandalarımıza beynəlxalq səviyyəli yarışlarda böyük uğurlar arzulayıram”.
