25 may 2011 20:37
Zaur Tağızadə Neftçi`dən getdi
Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı oyunçulardan biri Zaur Tağızadə bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovla görüşüb. Azerisport.az xəbər verir ki, "Neftçi"nin əvəzedici heyətində məşqçi vəzifəsində çalışan Tağızadə klub rəhbəri ilə görüşdə bu vəzifədən getmək istədiyini bildirib və istəyi müsbət qarşılanıb:
“Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşümdə mənə etimad göstərdiyinə görə dərin təşəkkürümü çatdırdım. Hamıya məlumdur ki, "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır, ən köklü klubudur. Burada karyeramın unudulmaz illərini keçirmişəm. Ötən il zədə ucbatından karyeramı başa vurduqdan sonra rəhbərlik əvəzedici heyətdə məşqçi işləməyimi tövsiyə etdi. Çox sağ olsun Sadıq müəllim, mənim bu komandada da çalışmağım üçün bütün şəraiti yaratdı. Bir il ərzində əvəzedici heyətdə təcrübə qazandım. "Neftçi" rəhbərliyi Premyer Liqanın son turunda "Xəzər Lənkəran"la matçda vida görüşümü də təşkil etmişdi. Lakin vacib şəxsi işlərimlə əlaqədar olaraq, ölkə hüdudlarından kənarda idim və buna görə vida oyunu keçirilmədi. İnşallah, yaxın gələcəkdə "Neftçi" rəhbərliyi ilə müzakirələrdən sonra vida matçının vaxtını dəqiqləşdirəcəyik".
Tağızadə "Neftçi"dən ayrılmasının səbəbini də izah edib: "Bir neçə gün bundan əvvəl Azərbaycanın digər tanınmış klubu "Qarabağ"ın əsas komandasından məşqçi vəzifəsinə təklif aldım. Bügünkü görüşdə bu məsələni də müzakirə etdik. Sadıq müəllim bu istəyimi də anlayışla qarşıladı, mənə öz xeyir-duasını çatdırdı. Buna görə "Neftçi"nin prezidentinə minnətdarlığımı bildirirəm və futbolumuzun flaqmanına gələcək yarışlarda uğurlar arzulayıram. Mən "Neftçi"li olmağımla həmişə fəxr edirəm". (Neftçi`nin rəsmi saytı)
