26 may 2011 13:28
Abşeron Premyer Liqa planlarını iyunun 1-də açıqlayacaq
Birinci divizionda çempionluğu bayram edən “Abşeron”un üzvləri mayın 21-də qızıl medalların təqdimolunma mərasimindən sonra istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, mövsüm başa çatdıqdan sonra komanda üzvlərinə iyunun 1-dək qısamüddətli istirahət verilib.
Komandanın baş məşqçısı Mirbağır İsayev bildirib ki, həmin gün bir araya gələcək futbolçularla ötən mövsümün yekunları, yeni mövsümə hazırlıq barədə geniş iclas keçiriləcək. Premyer Liqaya hazırlıq mərhələsinin planları barədə məlumat veriləcək.
Komandaya yeni transferlərin cəlb edilməsinə gəlincə, İsayev qeyd edib ki, bütün bu suallara komanda üzvləri bir yerə yığışdıqdan sonra cavab veriləcək. İlk növbədə komandada icarə əsasında çıxış edən futbolçuların gələcək taleyinə aydınlıq gətiriləcək. Sonra “Abşeron”un Premyer Liqaya vəzifə qazanmasında əməyi olan futbolçuların müqavilələrinə baxılacaq, onlarla gələcək əməkdaşlığın detalları müəyyənləşdiriləcək. Bütün bu məsələlərdən sonra komandanı gücləndirəcək qabiliyyətli olan yeni transferlərə baxılacaq.
