26 may 2011 01:18
Borussia`nın yarımmüdafiəçisi Bakıya gəlməyəcək
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də millimizin qonağı olacaq Almaniya yığması daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Bundestimin yarımmüdafiəçisi Sven Bender də qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.
Dortmund “Borussia”sının orta sahə oyunçusu zədələndiyi üçün əməliyyat olunub və təxminən 2-3 həftə istirahət etmək məcburiyyətində qalıb. Belədə baş məşqçi Yoahim Löv onu heyətdən çıxarmaq məcburiyyətində qalıb.
Maraq üçün xatırladaq ki, Yoahim Löv Benderdən öncə “Bayern”in yarımmüdafiəçisi Bastian Şvaynştaygeri də heyətdən kənarlaşdırmışdı. Onlardan əlavə Münhenqladbax “Borussia”sının yarımmüdafiəçisi Marko Roys da Bakıdakı qarşılaşmanı buraxa bilər.
Sonda Almaniya yığmasının mayın 29-da yoldaşlıq görüşü çərçivəsində Uruqvayla, iyunun 3-də və 7-də isə müvafiq olaraq AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Azərbaycanla qarşılaşacağını da vurğulayaq.
