27 may 2011 00:04

Azarkeşlik mədəniyyətimizin inkişafa ehtiyacı var

Azərbaycan futbolunun hazırkı əsas problemlərindən biri də azarkeş axını ilə bağlıdı desək, yəqin ki, yanılmarıq. Hər halda son illər klublar pullarının daha çox hissəsini məhz legionerlərə dağıtmaqla məşğul olsa da, futbolsevərlər həmin oyunçulara görə arenaya gəlməyə o qədər də həvəsli deyil.
 
Elə son mövsümdə də ciddi dəyişikliklərin şahidi olmadıq. Azerisport.az xəbər verir ki, hətta böyük futbol ənənələrinə malik “Gəncə”nin elitaya dönüşü də bu baxımdan hansısa böyük irəliləyişə səbəb olmadı. Lakin öncə paytaxt klublarının azarkeşlərlə bağlı durumuna diqqət yetirək.
 
Çempion “Neftçi”dən başlayaq. Böyük tarixə malik komanda bu il nəhayət ki, uzun fasilədən sonra tərəfdarlarını qızıl medallarla sevindirə bildi. Lakin bu uğurda azarkeşlərin elə də böyük rol oynamadığını əminliklə qeyd etmək olar. Ən azı ona görə ki, heç bir oyunda “ağ-qaralı” fanatların mərkəzi arenanı doldurduğunun şahidi olmadıq. Təbii ki, hətta əzəli rəqib “Xəzər Lənkəran”la oyunlarda cənublu fanatların sayı, dəstəyi daha yüksək olurdusa, əlavə nədənsə danışmağa ehtiyac yoxdu. Lakin paytaxt klubu əvvəlki əzəmətini geri qaytardıqca, yəqin ki, azarkeşlərini də stadionlara qaytara biləcək. Axı azarkeş amilində məhz uğur heç də az rol oynamır. İndi Arif Əsədovun komandası qarşıdakı avrokuboklar mövsümündə də müəyyən uğurlar əldə edə bilsə, növbəti mövsümdə azarkeş dəstəyi baxımından qətiyyən əziyyət çəkməyəcəyini demək olar.
 
“İnter” və “Bakı” elə bu il də əvvəlki mövsümlərdə olduğu kimi, 100-150 nəfərdən ibarət azarkeş dəstəyindən artığını görə bilməməsinə üzüldü. Hər iki klubu adətən rəsmi fan-klub səviyyəsində dəstəkləyən azarkeş olurdu ki, onların da ciddi effekt vermədiyi hər kəsə aydındı. Düzdü, ötən mövsümün çempionu olan “İnter” qışda “Birlik Kuboku”nu qazanmaqla ola bilsin ki, tərəfdarlarının sayını az da olsa, artıra bildi. Amma bu, arenalarda gördüyümüz real dəstəkdə özünü elə də aşkar biruzə vermədi. Bu gedişlə sözügedən klublarda növbəti mövsümdə də ciddi irəliləyiş görə bilməyəcəyik.
 
AZAL da digər paytaxt klubları kimi azarkeş dəstəyi baxımından əziyyət çəkir. Hər halda “Şəfa”da keçirilən oyunlarda bu komandanın şərəfini qoruyan futbolçuların yaxınlarından başqa “təyyarəçilər”ə kimsə azarkeşlik etmirdi. Lakin Nazim Süleymanovun komandası artıq yeni mövsümdə nisbətən azarkeş dəstəyi hiss edəcək. Necə ki, Şüvəlandakı arena istifadəyə veriləndən sonra artıq yerli əhali bu klubu özünə doğma hesab etməyə başladı. Güman ki, onların sıraları növbəti mövsümdən daha da genişlənəcək və AZAL da öz azarkeş ordusunun dəstəyini hiss edəcək. Bu mənada “təyyarəçilər”in qatılacağı avrokubokların yeni mövsümündə müəyyən uğur qazanması daha müsbət effekt verə bilər.
 
Son mövsümdə paytaxtı təmsil edən daha bir klub MOİK idi. Lakin bu komandanı hansısa oyunda təmsil edən azarkeşin olmadığını əminliklə demək olar. Bu il elitaya daha iki paytaxt klubu gəlir ki, onların da hardasa “hərbçilər”in aqibətini yaşayacağını proqnozlaşdırmaq olar. Məsələn, “Rəvan”ın hansı azarkeş dəstəyinə ümid edəcəyi sual doğurur. Yenə “Abşeron” adına görə yarımadanın bəzi qəsəbələrinin əhalisinin dəstəyinə ümid edə bilər. Baxmayaraq ki, komandanın yersiz-yudsuz olması onlara da bu baxımdan müsbət təsirləri görməyə maneəçilik yaradacaq.
 
Bölgə təmsilçilərində vəziyyət o qədər də acınacaqlı deyil. Bu mənada şübhəsiz ki, “Xəzər Lənkəran”ı tərəddüd etmədən digər bütün elita klublarına nümunə göstərmək olar. Axı nəinki doğma meydanda, hətta səfər oyunlarında da komandalarına nümunəvi şəkildə dəstək verən cənublu fanatlara hələlik rəqib yoxdu.
 
Lakin yaxşı olardı ki, Tovuz, Gəncə, Ağdam, Salyan təmsilçiləri də eyni azarkeş dəstəyinə malik olsun. Bu mənada yenə “Qarabağ”ı başa düşmək olar. Hər halda bu komanda hazırda qaçqın statusu daşıyır və arabir Quzanlıda keçirdiyi oyunlarda əsl anşlaq görmək olur. Bakıdakı oyunlarda həmin anşlaq olmasa da, ən azı paytaxt klublarından çox yaxşı dəstəyə malik olur. Lakin “Muğan” da bu mövsümün müəyyən qismini “Şəfa”da keçirməli oldu ki, nəticədə salyanlı azarkeşlər futbolsuz qaldı. Bakıdakı oyunlarda isə çox az sayda azarkeş bu komandanı qələbəyə səsləyirdi.
 
Tovuz və Gəncə böyük futbol ənənələri ilə seçilən şəhərlər olsa da, ötən mövsümdə bu regionları təmsil edən komandalara dəstəyin yüksək səviyyədə olduğunu demək olmaz. Güman ki, bu, daha çox “Gəncə” ilə “Turan”ın elə də iddialı olmamasından irəli gəlirdi. Amma yaxşı olardı ki, azarkeşlərimiz komandalarının həm yaxşı, həm də pis günündə yanında olmaq mədəniyyətinə sahib çıxsınlar.
 
Sonda azarkeşlərin stadiona axını ilə bağlı daha bir maraqlı məqama toxunmaq istərdik. Elə bu yaxınlarda keçirilən Premyer Liqanın son turunun “Neftçi” – “Xəzər Lənkəran” matçından sonra xüsusilə cənub təmsilçisinin çoxsaylı tərəfdarı polis zorakılığına məruz qaldı. Təbii ki, biz futbolsevərlərimizin arenalara axışmasını arzuladığımız bir vaxtda asayiş keşikçilərimizin nəinki insanlığa, heç bir çərçivəyə sığmayan bu hərəkətləri sadəcə təəssüf doğurur. Çünki bu və bu kimi digər amillər fanatları stadionlara gətirmir, əksinə uzaq salır.
 
Lakin bəzən belə olaylara məhz həmin azarkeşlərin özlərinin zəmin yaratdığını da vurğulamaq lazımdı. Xüsusilə, fanatlarımızın bir-birinin ünvanına xoşagəlməz ifadələr, söyüşlər işlətməsi bizdə azarkeş mədəniyyətinin hələ çox geridə qaldığını isbatlayır. Təbii ki, fanatlar komandasına dəstək verməyi sadəcə bir-birinin komandasını təhqir etməkdə, arenanın oturacaqlarını qırıb-tökməkdə, dalaşmaqda gördükdə polis zorakılığı da qaçılmaz olacaq. Amma yaxşı olardı ki, bizim fanatlar da məhz İngiltərə stadionlarındakı azarkeş mədəniyyətindən nələrisə öyrənsinlər. Futbol da bir tamaşadı və bunu qadınlı-kişili hər kəs izləmək istəyir. Lakin təəssüf ki, bizim azarkeşlərin söyüş, küfr dolu şüarları zərif cinsin nümayəndələrini də arenalarımızdan kənar salır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.