26 may 2011 00:50
Kamran Ağayev azarkeşlərdən kömək istədi
Azərbaycan millisinin, eləcə də “Xəzər Lənkəran”ın şərəfini qoruyan Kamran Ağayev qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstan (3 iyun) və Almaniya (7 iyun) ilə oyunlarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Astanaya ancaq qələbə üçün gedirik. Mümkündü ki, kimsə bizim rəqibdən qorxduğumuzu düşünsün. Lakin bu, belə deyil. Bilirəm ki, qazaxlara uduzacağımız halda məni nə gözləyir. Biz əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Amma bu görüşün nəticəsindən asılı olmayaraq, biz Almaniya ilə oyuna da yaxşı əhval-ruhiyyədə hazırlaşmalı olacağıq. Məğlubiyyət haqda heç düşünmürəm də. İstərdim ki, almanlarla Bakıda heç-heçəyə nail olaq. Hesab edirəm ki, bu görüşdə biz özümüzü göstərə bilərik. Rəqibin heyətində mənim qapıma qol vurmuş futbolçular var ki, onları yaxşı xatırlayıram. Sadəcə bir xahişim var: azarkeşlər, xahiş edirəm, stadiona gəlin. Almanlar bilməlidilər ki, bizim necə fanatlarımız var. Almanlar meydana çıxanda hiss etməlidilər ki, Azərbaycan yığmasının arxasında Tofiq Bəhramov adına stadionda 30 minlik azarkeş ordusu var. Biz birlikdə güclüyük”.
