27 may 2011 14:08
Neftçinin ÇL-dəki 17 mümkün rəqibinin tam siyahısı müəyyənləşdi
Yeni Azərbaycan çempionu “Neftçi”nin ölkəmizi təmsil edəcəyi Çempionlar Liqasındakı bütün rəqiblərinin siyahısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq qitənin sözügedən ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq bütün iştirakçıların adları bilinir.
Qeyd edək ki, səpələnmişlərin siyahısına düşən sonuncu klublar Serbiya və Avstriya çempionları olub. Belə ki, sözügedən ölkələrdə də gözlənildiyi kimi, məhz “Partizan” və “Sturm” ölkə çempionu adını qazanıb.
Bütün iştirakçılar dəqiqləşdikdən sonra artıq “Neftçi”nin ən güclü potensial rəqibinin Belarus BATE-si olduğu müəyyənləşib. Belə ki, bu komanda ən yüksək reytinq xalına malik olmasıyla digərlərindən fərqlənir. Ən zəif komanda isə İrlandiya “Shamrock Rovers”idi. Qeyd etdiyimiz kimi, Avstriyanı bu turnirdə “Sturm” təmsil edəcək. Maraq üçün xatırladaq ki, “Neftçi” vaxtilə avrokuboklardakı son çıxışı zamanı da məhz bu ölkə təmsilçisi ilə üz-üzə gəlmişdi. Lakin o vaxt UEFA kubokunda çıxış edən “ağ-qaralar”ın rəqibi “Rid” olmuşdu (2007/08 mövsümü).
Siyahıda “Qarabağ”la qarşılaşmış Norveç “Rosenborg”u (2009/10), “Xəzər Lənkəran”la yolları kəsişmiş Zaqreb “Dinamo”su (Xorvatiya, 2007/08), 2008/09 mövsümündə “İnter”lə üz-üzə gələn Serbiya “Partizan”ı, eləcə də ötən mövsüm “Qarabağ”ın mübarizədən kənarlaşdırmağı bacarıdğı Polşa “Wisla”sı da var. Elə vaxtilə “Bakı”nın yolundan asanlıqla kənarlaşdırdığı Litva “Ekranas”ını da tanış rəqib kimi qeyd etmək olar.
Qeyd edək ki, “Neftçi” ikinci təsnifat mərhələsində qələbə qazanacağı halda çox böyük üstünlük qazanmış olacaq. Belə ki, “ağ-qaralar” həm ÇL-in qrup mərhələsinin bir addımlığında olacaq, həm də həmin mərhələdə uduzmasından asılı olmayaraq, Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq.
“Neftçi”nin bütün mümkün rəqiblərinin tam siyahısı isə belədi: BATE (Belarus), “Makkabi” (Hayfa, İsrail), “Dinamo” (Zaqreb, Xorvatiya), “Rosenborg” (Norveç), “Partizan” (Serbiya), APOEL (Kipr), “Wisla” (Polşa), “Sturm” (Аvstriya), “Liteks” (Bolqarıstan), “Slovan” (Slovakiya), “Victoria” (Çexiya), “Maribor” (Sloveniya), HİK (Finlandiya), "Ekranas" (Litva), “Zestafoni” (Gürcüstan), “Malmö” (İsveç), “Shamrock Rovers” (İrlandiya).
Sonda onu da əlavə edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin oyunları 12/13 və 19/20 iyul tarixlərində keçiriləcək. Püşkatma mərasimi isə iyunun 20-də baş tutacaq.
