27 may 2011 17:25
Beşiktaş`la Fener`in transfer dueli sülhə bitdi
Türkiyənin “Fenerbahçe” və “Beşiktaş” klubları növbəti transferlərini reallaşdırıb. Azerisport.az xəbər verir ki, hər iki İstanbul təmsilçisi bir yerli futbolçuyla güclənib.
“Beşiktaş” “Genclerbirliği”nin gənc forvardı Mustafa Pektemek ilə sıralarını genişləndirib. “Ağ-qaralar” bu hücumçu üçün paytaxt klubuna 4 milyon avro transfer haqqı ödəməli olub.
Maraqlıdı ki, “Beşiktaş” Ankara təmsilçisinin birdən-birə iki futbolçusunu almaq istəyirmiş. Lakin qarşı tərəfin Mustafa Pektemek və Orhan Şam üçün 9 milyon avro tələb etməsi və güzəştə getmək istəməməsi “ağ-qaralar”ın sadəcə Pektemeklə kifayətlənməsinə gətirib çıxarıb.
Mustafa Pektemeki almaq üçün Türkiyənin digər nəhəngi “Fenerbahçe” də çalışırmış. Hətta klub prezidenti Əziz Yıldırım da bunu etiraf edib. “Sarı-lacıvərdlilər” də Pektemek transferində uğursuzluğa uğramalarına rəğmən, “Beşiktaş”ın ala bilmədiyi “Gençlerbirliği”nin digər futbolçusu Orhan Şamı heyətinə qatıb.
Ən diqqət çəkən məqamlardan biri “Beşiktaş”ın daha sərfəli təklifini dəyərləndirməyən “Gençlerbirliği” rəhbərliyinin bu futbolçunu “Fenerbahçe”yə sadəcə 3.5 milyon avroya satması olub.
