28 may 2011 00:04
Bu gün qitənin ən güclü klubu bəlli olacaq
Bu gün UEFA Çempionlar Liqasında ən güclü klubun adı bəlli olacaq. Azerisport.az xəbər verir ki, İngiltərənin ünlü “Wembley” stadionunda bu ölkəni təmsil edən “Manchester United” İspaniya çempionu “Barcelona” ilə qitənin ən nüfuzlu klub turnirinin qalibini müəyyənləşdirməyə çalışacaq.
Bəribaşdan qeyd edək ki, Bakı vaxtı ilə 23:45-də başlayacaq həlledici matçı Macarıstandan olan baş hakim Viktor Kassay idarə edəcək. Onun köməkçiləri isə həmyerliləri Qabor Erös və Georgi Renq olacaq. Matçın dördüncü hakimi İstvan Vad olacaqsa, əlavə köməkçi məşqçilər Mihali Fabian ilə Tamas Bognardı. 35 yaşlı Viktor Kassay, bu mövsüm 5 dəfə UEFA Çempionlar Liqasında, 1 dəfə isə Avropa Liqasında oyun idarə edib. O, həmçinin son dünya birinciliyində Almaniya ilə İspaniya arasındakı yarımfinal matçını idarə etmşişdi.
Qeyd edək ki, ÇL-in bu dəfəki finalçılarından “Barcelona” və “Manchester United” hərəyə 3 dəfə bu turnirdə xoş sonluğa çata bilib. Belə ki, “Barcelona” 1991-92, 2005-06 və 2008-09 mövsümlərində bu kuboka sahib çıxarkən, “Manchester United” də 1967-68, 1998-99 və 2007-08 mövsümlərində Avropanın ən güclü klubu adını qazanıb. Özü də “Barcelona” 2008-09 mövsümündə məhz buğunu rəqibi “Manchester United”i finalda 2:0 hesabıyla məğlub edərək, kuboku muzeyinə götürmüşdü. İspaniya təmsilçisi 2005-06 mövsümündə də həlledici oyunda digər İngiltərə klubu “Arsenal”ı məğlub etmişdi.
İspaniyanın “Real” klubu 1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000 və 2002-ci illərdə ümumilikdə 9 dəfə ÇL-i qazanmaqla, bu sevinci ən çox yaşayan klub ünvanına malikdi. Madrid təmsilçisi 1962, 1964 və 1981-ci illərdə də final matçından məğlub ayrılıb.
Qitənin ən nüfuzlu klub turnirində indiyə qədər 39 komanda final həyəcanı yaşayıb. Onlardan sadəcə 21-i kuboku qazanmağı bacarıb. “Real” dəfə kuboku qazanarkən, “Milan” 7, “Liverpool” 5, “Ajax” və “Bayern” 4, “Manchester United”, “Barcelona” və “Inter” 3 dəfə, “Benfica”, “Juventus”, “Nottingham Forest” və “Porto” 2, “Aston Villa”, “Borussia” (Dortmund), “Celtic”, “Crvena Zvezda”, “Feyenoord”, “Hamburg”, “Olympique” (Marsel), PSV və “Steaua” 1 dəfə eyni sevinci yaşayıb.
Bütövlükdə, “Barcelona” və “Manchester United”, bugünədək avrokuboklarda 10 dəfə qarşılaşıb. Bu 10 dueldən tərəflər hərəyə 3 qələbə, 4 dəfə isə heç-heçə ilə ayrılıblar. Topların daha yaxşı fərqinə görə isə İspaniya klubu rəqibini qabaqlayır: 17-14.
1992-1993 mövsümündən bəri Çempionlar Liqası adı altında oynanılan Avropanın ən nüfuzlu klub turnirində indiyə qədər ən çox İspaniya və İtaliya komandaları qalib gələn tərəf olub. Bu iki ölkə təmsilçiləri 12 dəfə ÇL-in qalibi adını qazanarkən, İngiltərə klubları 11, Almaniya və Hollandiya təmsilçiləri 6, Portuqaliya komandaları 4, Fransa, Rumıniya, Şotlandiya və sabiq Yuqoslaviya təmsilçisi 1 dəfə bu uğura imza atıb.
Ölkə - Çempion (Final)
İspaniya 12 (21)
İtaliya 12 (26)
İngiltərə 11 (17)
Almaniya 6 (14)
Hollandiya 6 (8)
Portuqaliya 4 (9)
Fransa 1 (6)
Rumıniya 1 (2)
Şotlandiya 1 (2)
Yuqoslaviya 1 (2)
Belçika – (1)
Yunanıstan – (1)
İsveç – (1)
