29 may 2011 12:43
Blatter seçkidən öncə FİFA prezidenti seçildi
FIFA-da prezident seçkilərinə çox az müddət qaldığı bir vaxtda namizədlərdən biri geri çəkildiyini bildirib. Azerisport.az xəbər verir ki, Mohamed Bin Hammam namizədliyini geri götürdüyünü açıqlayıb.
Nəticədə dünya futbol qurumunun hazırkı rəhbəri Zepp Blatter seçkilərdə yenə yeganə namizədə çevrilib. Bu isə onun növbəti dəfə FİFA prezidenti seçiləcəyini öncədən təsdiqləyib.
Qeyd edək ki, Asiya Futbol Konfederasiyasının prezidenti olan Mohamed Bin Hammam iyunun 1-də keçiriləcək seçkilər öncəsi yaşanan çirkin olaylara etiraz əlaməti olaraq belə addım atdığını açıqlayıb. Belə ki, Blatterin əsas və yeganə rəqibi olan Hammama qarşı bu günlərdə FIFA-nın Etik Komitəsində şok iddia irəli sürüldü. Guya Hammam prezident olmaq üçün kimlərəsə rüşvət paylayıb. Başverənlərdən şoka düşdüyünü gizlətməyən prezidentliyə namizəd olaylardan uzaqlaşmaq üçün dərhal namizədliyini geri götürməyə qərar verib.
O, öz internet səhifəsində bu qərarını belə izah edib: “FIFA prezidentliyinə namizədliyimi irəli sürmüşdüm. Çünki nələrisə dəyişmək istəyirdim. Amma son olaylar həm peşəkar, həm də bir insan olarak məni yaraladı. İki adamın arasında keçən bir yarışmaya görə adımın daha çox ləkələnməsini istəmirəm”.
Sonda onu da qeyd edək ki, daha bir dönəm FİFA prezidenti olacağı dəqiqləşən Blatter 1998-ci ildən dünya futbol qurumuna rəhbərlik edir.
