31 may 2011 14:48
MY-nin əfsanəsi futbolçu karyerasını başa vurdu
İngiltərənin "Manchester United" klubunun əfsanəvi oyunçularından olan Pol Skoulz futbolçu karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, Britaniya mətbuatına açıqlama verən veteran futbolçu karyerasını bitirməyin vaxtının çatdığını deyib.
O, bundan sonra "qırmızı şeytanlar”ın texniki heyətində yer alacağını da bildirib. Maraq üçün xatırladaq ki, artıq Skoulzun 37 yaşı var və 17 il idi ki, bu klubun şərəfini qoruyurdu.
Qeyd edək ki, elə "Manchester United"in yetirməsi olan Pol karyerası ərzində yalnız bu klubun formasını geyinib. Yarımmüdafiəçi 1994-cü ildə əsas heyətə cəlb olunub və indiyədək 466 oyunda 102 qola imza atıb. İngiltərə millisində 66 oyun keçirib 14 qol vuran futbolçu 10 dəfə İngiltərə çempionu olub, 3 dəfə Federasiya Kubokunun, 2 dəfə Liqa kubokunun, 2 dəfə Çempionlar Liqasının, 1 dəfə Qitələrarası Kubokun, 1 dəfə isə Klublararası Dünya çempionatının qalibi adını qazanıb.
Ötən həftə sonu Çempionlar Liqasında “Barcelona” ilə oynanılan final qarşılaşmasında 14 dəqiqə forma geyə bilən Skoulz üçün bu matç karyerasındakı son rəsmi matç oldu.
