31 may 2011 11:46
Bosniyalılar bağışlandı, millimiz Avstriyadan canını qurtardı
UEFA və FIFA Bosniya və Herseqovinanı öz sıralarına qaytarmağı qərara alıb. Azerisport.az xəbər verir ki, bu ölkənin futbol qurumuna aprelin 1-də kəsilmiş diskvalifikasiya cəzası mayın 30-da götürülüb.
Artıq Bosniya və Herseqovinanın klubları və milli komandası yenidən beynəlxalq yarışlarda iştirak edə bilərlər.
Qeyd edək ki, Bosniya və Herseqovina Futbol Federasiyası qurum daxilindəki konflikt üzündən FİFA və UEFA-dan kənarlaşdırılmışdı.
Sonda onu da qeyd edək ki, bu cəzanın götürülməsi iyulun 30-da Braziliyada DÇ-2014-ün seçmə mərhələ oyunlarının püşkatmasında da müəyyən dəyişikliklərə gətirib çıxarıb. Belə ki, FİFA və UEFA Bosniya və Herseqovinaya qarşı sanksiyasını ləğv etməsəydi, Litva 3-cü, Avstriya 4-cü, İslandiya isə 5-ci səbətə keçə bilərdi. Lakin bu dəyişikliklər millimizin mövqeyinə heç bir təsir göstərməyəcəkdi. Sadəcə, AÇ-2012-nin də seçmə mərhələsində millimizə rəqib olan Avstriya ilə yenidən qarşılaşmaq şansımız arta bilərdi. Amma sözügedən cəzanın ləğvi Avstriyanın da elə millimizlə eyni səbətdə qalmasına şərait yaradıb.
Maraq üçün xatırladaq ki, Azərbaycan yığması 5-ci səbətdə yer alıb. Bu isə o deməkdi ki, Berti Foqtsun komandası (təbii ki, əgər almaniyalı mütəxəssis postunda qalsa) Avropanın daha zəif komandalarından bir addım öndə olacaq.
Səbətlərin tərkibi belədi:
1-ci səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan.
2-ci səbət: Serbiya, Sloveniya, Rusiya, Fransa, Çernoqoriya, İsveçrə, Slovakiya, Danimarka, İsveç.
3-cü səbət: Türkiyə, Çexiya, İsrail, İrlandiya, Ukrayna, Belçika, Rumıniya, Bosniya və Herseqovina, Bolqarıstan.
4-cü səbət: Litva, Albaniya, Macarıstan, Belarus, Gürcüstan, Ermənistan, Şimali İrlandiya, Şotlandiya, Polşa.
5-ci səbət: Avstriya, Estoniya, Latviya, Finlandiya, Makedoniya, Moldova, Kipr, Azərbaycan, Uels.
6-cı səbət: İslandiya, Lüksemburq, Farer adaları, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino.
Komandalar 9 qrupa bölünəcək. Hər qrupda 6 komandanın yer alması gözlənilir. Yalnız bir qrupda 5 komanda yer ala bilər. Bosniyalılarla bağlı sanksiya qüvvədə qalsa, o halda belə qrupların sayı iki olacaq.
