31 may 2011 00:03
Miroslav Kloze də Bakıya gəlməkdən məhrum oldu
AÇ-2012-nin seçmə mərhələsində millimmizin rəqiblərindən olan Almaniya yığması növbəti itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, qarşıdan gələn Avstriya və Azərbaycanla səfər oyunlarında Bundestimin ən qolçu oyunçularından Miroslav Kloze də sıradan çıxıb.
Belə ki, “Bayern”in hücumçusu Almaniya yığmasının mayın 29-da keçirilən Uruqvayla yoldaşlıq görüşündə zədələnib. Almaniya mətbuatının yaydığı məlumata görə, Klozenin zədəsi ciddidi və o, qarşıdakı iki seçmə oyunda komandasına kömək edə bilməyəcək.
Bunu Bundestimin çalışdırıcısı Yoahim Löv də təsdiqləyib: “Çox təəssüf ki, Miroslav qarşıdakı oyunlarda bizə kömək edə bilməyəcək. O, hücumda çox vacib rol oynayırdı. Klozeyə tezliklə sağalmağı arzulayıram. İndi bizə sadəcə ona layiqli bir əvəzləyici tapmaq qalır”.
Qeyd edək ki, Almaniya yığması iyunun 3-də AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriyanın, 7-də isə millimizin qonağı olacaq.
