1 iyun 2011 13:42
Millimizin qazaxlarla dueli şotlandiyalı hakimə həvalə olundu
AÇ-2012-nin seçmə mərhələsində iyunun 3-də səfərdə baş tutacaq Qazaxıstan – Azərbaycan matçını idarə edəcək hakimin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA Astanada baş tutacaq sözügedən oyunu şotlandiyalı Euan Norrisə həvalə edib.
Bu haqda məlumatı qitə futbol qurumunun rəsmi saytı yayıb. Onun köməkçilərinin kimliyini isə Britaniya mətbuatından öyrənə bildik. Norrisin köməkçiləri də həmyerliləri olacaq. Ona Ceyms Bi, Alasdair Ross və Alan Muir kömək edəcək.
Maraq üçün qeyd edək ki, 1977-ci il təvəllüdlü Norris 2009-cu ildən etibarən FİFA referisi adını daşıyır. Hazırda o, ikinci dərəcəli beynəlxalq hakim kimi fəaliyyət göstərir.
Qazaxıstan – Azərbaycan matçının iyunun 3-də Bakı vaxtı ilə saat 18:00-da “Astana Arena”da keçiriləcəyini də qeyd edək.
