1 iyun 2011 12:37
İnter yollarını ayırdığı oyunçuların adlarını açıqladı
Son mövsümü boşa verən "İnter" yollarını ayırmaq istədiyi futbolçuların adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, artıq paytaxt klubunun 3 futbolçusu - David Odikadze, Filip Despotovski və Kaxaber Mjavanadzenin növbəti mövsümdə “bankirlər”in heyətində meydana çıxmayacağı dəqiqləşib.
David Odikadze Tiflisin "Dinamo" komandasıyla 3 illik müqavilə imzalayaraq, karyerasını qonşu ölkədə davam etdirəcək. Filip Despotovski və Kaxaber Mjavanadze ilə isə imzalanmış müqavilənin müddəti başa çatıb. Lakin qarşılıqlı razılıq əsasında müqavilələrin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.
"İnter" rəsmi saytı vasitəsilə yaydığı bu haqda açıqlamada hər üç futbolçuya gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
